Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə monitorinqə başlayır

0
98
rus-sulhmeramli-qarabag

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində nəzarətin daha da gücləndirilməsi tapşırığı verilib.

Bineqedi.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Müdafiə Nazirliyinin Kollegiya iclasında Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında, eləcə də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdəki mövcud əməliyyat şəraiti təhlil edilib.

Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdəki qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyətinin daim müşahidə edilməsi və nəzarətin daha da gücləndirilməsinə dair müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, dekabrın 10-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib.

İclasda nazir müavinləri, qoşun növü komandanları, nazirliyin baş idarə, idarə, xidmət və müstəqil şöbə rəisləri, videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqə başlayır.

Bu barədə İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı birgə məlumatda qeyd olunub.

Bildirilib ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq dekabrın 10-dan İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlayır.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulub.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədidə sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Növbəti məqalədəElxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR