Azərbaycanı çətin vəziyyətdən yalnız belə bir dahi şəxsiyyət xilas edə bilərdi

0
83
ulu-onder-heyder-eliyev

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günüdür. Heydər Əliyev uzaqgörən, müdrik siyasətçi idi və xalqımızı 90-cı illərin əvvəllərində yaşanan o çətin və ağır vəziyyətdən yalnız belə bir dahi siyasətçi xilas edə bilərdi.

Azərbaycanın müstəqillik əldə etməsindən uzun illər ötüb, Ordumuz, iqtisadiyyatımız inkişaf edib və aparılan uğurlu siyasət nəticəsində Qarabağ işğaldan azad edilib. Düzdür, Azərbaycan və Ermənistan arasında hələ sülh müqaviləsi imzalanmayıb, ancaq proses gedir və artıq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib.

Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra İran, Fransa və Rusiyanın atdığı addımlar regionda geosiyasi vəziyyətin nə qədər mürəkkəb olduğunu göstərir. İndi siz təsəvvür edin ki, 90-cı illərin əvvəlində, ölkəmizin ən çətin vaxtlarında Azərbaycanı elə bir çətin durumdan xilas etmək üçün ulu öndər Heydər Əliyev necə müdrik, uzaqgörən bir siyasət həyata keçirib.

Heydər Əliyev elə bir fenomenal şəxsiyyət idi ki, hansı sahə ilə bağlı onun xidmətlərini araşdırsan, maraqlı faktlar üzə çıxar. Hər bir sahəyə yaxından bələd olması, dərin biliyi onun istənilən sahənin mütəxəssisi ilə söhbətində, istənilən sahəyə münasibətində özünü göstərirdi.

Bu yazımda isə bir qədər fərqli məqama da toxunmaq istərdim.

Heydər Əliyev bütün bu çətin işlərin, çətin qrafikin içərisində öz ailəsinə, övladlarının tərbiyəsinə də vaxt ayırmağı çatdırırdı və bu gün onun layiqli davamçısı, cənab Prezident İlham Əliyevin nə qədər savadlı bir şəxsiyyət olması həm də ulu öndərin bir ata kimi müdrikliyindən xəbər verir.

Yəni Heydər Əliyev uzaqgörən siyasətçi, xalqımızın xilaskarı olmaqla yanaşı, həm də çox yaxşı bir ATA idi.

Ulu öndər Heydər Əliyev Prezidentlik dövründə rəsmi qəbullar zamanı heç bir qeydə, kağıza baxmadan, birnəfəsə saatlarla çıxış edərdi və bu da sadə insanların, xalqın marağını, diqqətini çəkərdi. Bu gün cənab Prezident İlham Əliyev də saatlarla çıxışı zamanı heç bir qeyddən istifadə etmir, özü də lazım olarsa, bir neçə dildə sualları cavablandırır. Hələ Vətən müharibəsi dövründə ölkəmizə müxtəlif məqsədlərlə üz tutmuş, müxtəlif təxribatçı suallarla nəyəsə nail olacağını düşünən jurnalistlərə verdiyi tutarlı, səlis, məntiqli cavab cənab Prezidentin nə qədər dərin biliklərə malik olduğunu, prosesləri nə qədər uzaqgörənliklə analiz edə bildiyini bir daha ortaya qoydu.

Cənab Prezidentin hələ müharibədən öncə beynəlxalq tədbirlərin birində Paşinyanla debatında ortaya qoyduğu tutarlı faktlar, verdiyi məntiqli cavablar təkcə Paşinyana yox, cənab İlham Əliyevin necə bir siyasətçi olduğunu öyrənmək istəyən beynəlxalq siyasətçilərə, dövlət rəsmilərinə də bir cavab oldu.

Bəli, ulu öndər Heydər Əliyev kimi müdrik siyasətçinin oğlu məhz belə bir insan olmalı idi.

Cənab Prezident İlham Əliyev Qarabağ işğaldan azad olunandan sonra: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”,-dedi. Bəli, ulu öndər Heydər Əliyev cənab Prezident İlham Əliyevə özü qədər inanırdı və bu inam illər sonra özünü bir daha doğrultdu.

Ölkəmiz inkişaf edir və heç bir bədxah qüvvə ölkəmizi öz yolundan döndərə bilməz. Qədirbilən xalqımız isə öz ulu öndərini, ən çətin günlərdən onu xilas etmiş dahi Heydər Əliyevi hər zaman anacaq və ruhuna dualar oxuyacaq.

Məkanın cənnət olsun, dahi şəxsiyyət Heydər Əliyev.

Hikmət Həsənov, Bineqedi.com saytının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Binəqədi rayonunun ictimai fəalı, Qazi atası

Əvvəlki məqaləBinəqədidə şagirdlər arasında “Əbədiyaşar Liderimiz” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib – FOTOLAR
Növbəti məqalədəLaçın koridorunda etiraz aksiyası davam edir – VİDEO