Binəqədi Bakının şimalında, Binəqədi rayonunda Böyük şor gölünün qərbində, 50-70 m hündürlükdə yerləşir. Qəsəbə coğrafi mövqeyinə görə Abşeronun mərkəzinin qərb hissəsində yerləşərək Xırdalan, Rəsulzadə, Biləcəri, Mehdiabad ilə qonşuluqdadır. Binəqədi Abşeronun ən qədim kəndlərindən hesab edilir. Bu ərazi 1936-cı ildə qəsəbə statusu almışdır. Əvvəllər Kirov rayonu kimi tanınmış bu yer ölkəmizdə müstəqilliyin bərpasından dərhal sonra, 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarı ilə Binəqədi rayonu adlandırılmışdır.
Bəzi tarixi məlumatlara və hazırda Binəqədidə yaşayan yaşlı insanların dediyinə görə, Binəqədi kəndi Bakının ən qədim kəndlərindəndir. Bu kəndin adı əvvəllər Bineyiqədim, sonralar Bineyiqazi və nəhayət, gəldikcə dildə formalaşaraq Binəqədi adlandırılmışdır.
Qədim dövrlərdə Binəqədi əhalisi əsasən əkinçilik, heyvandarlıq, toxuculuq və ticarətlə məşğul olmuşlar. Onlar mal-heyvanı dağ və dağətəyi yerlərə aparmış və kəndə ancaq qış aylarında dönmüşlər. Bununla yanaşı, Binəqədi əhalisi duz çıxarmaq, təmizləmək və satmaq işlərilə də məşğul olmuşlar. Başqa bir məqam isə budur ki, Binəqədi əhalisi birbaşa həyətlərində çıxan neftdən də bəhrələnmişlər. Yer qatı üstündə olan bu neftdən (mazutdan) əsasən bir çox dərdlərin dərmanı kimi istifadə olunmuş, Şirvanın ayrı-ayrı yaşayış bölgələrində də, bəzi xəstəliklərin müalicəsində şəfavericisi vasitə kimi işlədilmişdir…
Hələ ötən əsrin 40-cı illərində Binəqədi yaxınlığında qədim kərgədanın elm aləminə məlum olmayan skeleti tapılmışdır. Tarixçi-alim R. İmaməliyev yazırdı ki, əldə edilən nadir tapıntılar əsasında Azərbaycan tarixşünaslığı və arxeologiyası dünyada ilk dəfə olaraq IV dövr faunasını müəyyənləşdirə bilmişlər. Elm aləmində nəsli kəsilmiş heyvan qalıqlarının çoxluğuna və növ müxtəlifliyinə görə Amerika Birləşmiş Ştatlarından sonra ikinci yerdə Azərbaycan dayanır. “Binəqədi faunası” dünya təbiətşünasları arasında çox məşhur bir terminə çevrilib.
Bu tarixi məqamlara bir qədər də geniş nəzər yetirsək, belə bir məlumatdan da xəbərdar olarıq ki, 1963-cü ildə Binəqədidə Tunc dövrünün sonlarına aid olan qəbirdən qadın skeleti, tunc üzük, sancaq, qolbaq, 200-ə qədər muncuq, cilalanmış qara boyalı gil qab, gil piyalə və digər əşyalar aşkar edilmişdir. Eləcə də, Binəqədidə ilk tapılan neft yataqları Bakı şəhərinin 8-10 km şimalında, Abşeron yarımadasının mərkəzi hissəsindədir. Bu sahədə Keyrəki, Abix, Ziyilpiri, Keçəldağ, Kiçikdağ palçıq vulkanları, Masazır, Bostanarşor, Binəqədişor və s. şor göllər mövcuddur. Burda onu da qeyd etməyi vacib sanırıq ki, Binəqədi ərazisində olan bir çox qəsəbələrin (Rəsulzadə, Biləcəri, Binəqədi, Xocasən, 28 May) də özlərinə məxsus tarixi vardır.
Qədim dövrlərə aid olan bu tapıntı və tarixi məlumatların sayını, miqyasını artırmaq da olar.
Binəqədililər də milli dövlətçiliyimizin qorunması və möhkəmlənməsinə hər zaman öz töhfələrini verməkdə israrlıdırlar. Bu isə xalqla dövlətin eyni maraq müstəvisində olmasının, birgə fəaliyyətinin bariz nümunəsidir. Azad və müstəqil yaşamağın yolu da məhz bu amaldan keçir. İşləriniz avand olsun, əziz binəqədililər!
Şəfəq Nasir
(Qeyd: Məqalə qısa ixtisarla təqdim olunub)