Axırda uşaqlar müəllimlərin başlarına çıxacaqlar…

0
117
Muslum Maqomayev adina 26 nömrəli Musiqi Mektebi

Ayrı söz də yazmaq olardı «çıxacaqlar»ın yerinə, dedim ayıbdı, onsuz da belə getsə, axırda elə olacaq.

Oxuyuram ki, bir müəllim biədəb hərəkət etdiyinə görə uşağa bir şapalaq vurub, ona görə də hörmətli Təhsil Nazirliyimiz müəllimi işdən qovub. Ayıbdı ey, vallah, ilin-günün bu vaxtı nazirlik bir ailəni çörəksiz qoyub, bunu fikirləşməyib. Xəbərdarlıq edə bilərdi, töhmət verə bilərdi, lap şiddətli töhmət verərdi. Və təəssüf ki, bu, birinci hadisə deyil.

Bir kişi müəllim də məktəbdən uzaqlaşdırıldı. Gərək müəllim həmin uşağın elədiyini uşağın valideyninə eləyəydi. Valideyn də onu vurardı, mütləq vuracaqdı. Elə tərbiyəsiz uşaq böyüdən valideyn də elə həmin tərbiyədə olacaqdı.

Mən də müəllim işləmişəm, düz bir il. Uşaq da döymüşəm, hətta bir dəfə rayon prokurorunun oğlunu necə döymüşdümsə bir həftə dərsə gələ bilmədi. Amma prokuror nə məni tutdurdu, nə də məktəbdən qovdurdu. Əksinə, məni kabinetinə çağırıb məsələni araşdırdı, dedi, oğul, düz etmisən. Belə kişilər olub ey.

Dəfələrlə yazmışam, yenə yazıram. Bu maaşla bizim ərköyün uşaqlara dərs deyən müəllimlərin hamısı Milli Qəhrəmanlardı.

Deyəsən, elə gücümüz müəllimlərə çatır.

Görəsən, Müəllimlərin Həmkarlar Təşkilatı var? Varsa, bu təşkilat niyə işdən qovulan müəllimlərin hüquqlarını müdafiə etmir?

Və yaxud həmin məktəbin müəllimləri niyə susurlar? Axı bu hadisə sabah onların da başına gələ bilər.

Mərhum telejurnalist Kamil Abdullayev bir ara Ağsu rayonunda müəllim işləmişdi. Və bir şagirdi möhkəm döymüşdü. Məktəbə davaya gələn uşağın anasını necə sakitləşdirmişdi, bu da qalsın birisi günə.

Gərək ki, Məhəmməd Peyğəmbər deyib ki, mənə bir hərf öyrədənin qırx il qulu olaram. Amma biz bizə bir hərf deyil, böyük bir elm öyrədən, təhsil verən müəllimlərə qul kimi baxırıq.

Aqil Abbas

Əvvəlki məqaləNaxçıvanın yeni rəhbəri: “Bir az vaxt lazımdır” – VİDEO
Növbəti məqalədə51 nəfərə saxta pensiya təyin olunub, 884 min manat artıq ödənilib?