Azərbaycanda pensiya yaşı 70-ə çatdırıla bilərmi? – AÇIQLAMA

0
34

Rusiya hökümətinin tərkibində pensiya yaşının 70-ə qaldırılması məsələsi ilə bağlı işçi qrupu yaradılıb.

Qeyd edək ki, bundan əvvəl də bu ölkədə pensiya yaşının yenidən artırılması prosesi başlamışdı.

Qərara əsasən, kişilər üçün pensiya yaşı 65-ə, qadınlar üçün 63 yaşadək yüksəlir.

Bu yaşda pensiya müddətinə keçid dövrü kişilər üçün 2028-ci ilə, qadınlar üçün 2034-cü ilədək davam edəcək. Bundan əvvəl Rusiyada pensiya yaşı kişilər üçün 60, qadınlar üçün 55-dir.

Ümumiyyətlə, dünyanın bir sıra ölkələrində pensiya yaşının 65-dən yuxarı qaldırılması məsələləri müzakirə predmetinə çevrilir.

Məsələn, Yaponiyada pensiya yaşı 67-dir. Koreya, Yaponiya kimi ölkələrdə pensiya yaşının hətta 70-ə qaldırılması gündəmə gətirilir.

Səbəb bu ölkələrdə işçi qüvvəsinin çatışmazlığı olduğu kimi, digər tərəfdən ömürün uzun olması və insanların işləmək istəyi ilə bağlıdır.

Bəs Azərbaycanda pensiya yaşının 65-dən də yuxarı qaldırılması gündəmə gələ bilərmi?

Bineqedi.info  xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev Lent-a açıqlamasında Azərbaycanda kişilərin və qadınların pensiya yaşının 65-ə çatdırılması prosesinin hələ davam etdiyini açıqlayıb: “Azərbaycanda kişilərin pensiya yaşı gələn ilin ilk yarısından sonra artıq 65 yaşa çatacaq. Qadınların pensiya yaşının 65-ə çatması isə 2026-cı ilin iyul ayından sonra mümkün olacaq. Azərbaycanda 65 pensiya üçün tam normal bir yaşdır. Rusiyada pensiya yaşı məsələsini bir ideya olaraq ortaya atsalar da, reallaşması mümkün görünmür”.

M.Quliyev bildirib ki, pensiya yaşı ilə bağlı qərar qəbul edəndə orta ömrü də nəzərə almaq lazımdır: “Düşünürəm ki, bizim ölkə üçün 65 ən optimal yaşdır. Bunu nə aşağı, nə yuxarı salmağa ehtiyac yoxdur. Məncə, uzun illər bu yaşa toxunulmasına ehtiyac yoxdur. Deyək ki, Avropa ölkələrində pensiya yaşını 70-ə və daha yuxarı qaldırırlar. Həmin ölkələrdə ömür uzundur və insanlar da işləmək istəyir. Bizdə isə bu rəqəm real görünmür”.

Komitə üzvü bəzi insanların pensiya yaşına bir-iki il qalmış vəfat etməsindən sonra onların pensiyası ilə necə rəftar olunması ilə bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, Sosial Müdafiə Fondu yeni qurulub: “Gərək bu fonda kifayət qədər vəsaitlər yığılsın ki, həm pensiyanı, həm sosial müavinətləri ödəsin, həm də dünyasını dəyişdikən sonra ailə başçısının pensiyasının onun ailəsinə ödənilməsi və s. məsələləri əhatə edə bilsin. Hər şey maliyyəyə bağlıdır. Gərək azularla imkanlar üstü-üstə düşsün”.

Qeyd edək ki,Dövlət Statistika Komitəsinin açıqlamasına görə, Azərbaycanda orta ömür müddəti qadınlar üçün 78 yaşdan, kişilər üçün 73 yaşdan çox göstərilir.

Əvvəlki məqaləMəktəbli formaları ancaq BTE-dən alınmalıdır? – Valideynlərin şikayətinə NAZİRLİKDƏN CAVAB
Növbəti məqalədəNovruz Məmmədovdan etiraf: “İlham Əliyevə dedim ki…”