Aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Bineqedi.com saytı xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın qarşısı qətiyyətlə alınıb, atəş nöqtələri susdurulub və qarşı tərəf xeyli sayda itki verib.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən yaralanmış dörd hərbi qulluqçumuzdan ikisi əraziyə yaxın yerləşən hərbi tibb müəssisəsindən sanitar aviasiya vasitəsilə peşəkar həkimlərimizin ciddi nəzarəti altında ixtisaslaşdırılmış hərbi tibb müəssisəsinə təxliyə olunur.
Aprelin 11-də Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Bineqedi.com xəbər verir ki, bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.
“Allahdan şəhidlərimizə rəhmət diləyir, doğmalarına dərin hüznlə başsağlığı veririk. Vətən var olsun!”, – məlumatda qeyd edilib.
Bineqedi.com