“Əfsuslar olsun ki, ilk dəfə deyil bölgədə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müsbət addımlar atılanda, biz Ermənistan tərəfindən törədilmiş siyasi-hərbi təxribatların şahidi oluruq”.
Bineqedi.com saytı xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanın dünənki təxribatından danışarkən deyib.
Nazir bu hadisəni planlaşdırılmış təxribat adlandırıb: “Erməni komandirin və müavininin orada olması o deməkdir ki, hadisə onların əmri ilə baş verib və bu, hər hansı adi hərbçinin fəaliyyəti deyil. Bu, düşünülmüş hadisədir. Ermənistan təhrikçi addımlardan çəkinməlidir. Bunun nəticələri Ermənistan üçün ağır olacaq”.
“Bu gün Buyar Osmani ilə iki ölkə arasında münasibətlər, ATƏT-lə əməkdaşlıq məsələlərini müzakirə etmişik”.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Azərbaycan ilk günlərdən ATƏT-in fəaliyyətində aktiv rol oynayıb: “Bu gün eyni zamanda hazırda gedən proseslər də müzakirə edilib. Şimali Makedoniyanın təşkilata sədrliyi mürəkkəb zamanda baş verir.
Azərbaycan təşkilatın prinsiplərinə, beynəlxalq hüquqlara sadiqlik nümayiş etdirib. Azərbaycanın mövqeyi hər zaman ardıcıl olub”.
Azərbaycan XİN rəhbəri əlavə edib ki, bu gün danışıqlar zamanı keçmiş münaqişə nəticələrinin aradan qaldırılması üçün Azərbaycanın səyləri müzakirə olunub: “Burada əsas olaraq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına istiqamətlənmiş danışıqlar gedir. Görüşdə əsas olaraq sülh müqaviləsi ilə bağlı məsələlərə diqqət yetirilib.
Son aylar ərzində beynəlxalq vasitəçilər Ermənistanın yenidən danışıqlar masasına gətirilməsi istiqamətində addımlar atır. Biz Ermənistanın danışıqlar masasına qayıtması ilə bağlı çağırış etmişik”.
Nazir, həmçinin dünən baş verən təxribatı da xatırladıb. Qeyd edib ki, tərəflər Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası ilə bağlı məsələləri də müzakirə edib. Bu xüsusda, nazir Qarabağ erməniləri ilə Bakıda danışıqların keçirilməsinin təklif edildiyini xatırladıb.
“Təəssüf ki Azərbaycana gəldiyim zaman ilk öyrəndiyim təxribatla bağlı xəbər oldu. Hadisə qurbanlarının yaxınlarına başsağlığı verirəm”.
Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani bu gün keçirilən mətbuat konfransında deyib.
O qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülhün təmin olunması önəmlidir: “Regiona sülh gəlməlidir”.
Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Daha sonra qarşı tərəf minaatan və iriçaplı silahlardan da istifadə etməklə mövqelərimizi atəşə tutmaqda davam edib.
Hərbi qulluqçularımızın sayıqlığı nəticəsində Ermənistan tərəfinin təxribatının qarşısı qətiyyətlə alınıb, atəş mövqeləri susdurulub.
Ordumuz tərəfindən görülən cavab tədbirləri zamanı Ermənistan silahlı qüvvələrinin bölmələri xeyli sayda itki verib.
Hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti bölmələrimizin tam nəzarəti altındadır.
Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Bineqedi.com