Binəqədidə taxta bazarında baş verən yanğın yerindən – FOTO – Video

0
1585
bineqedi-yangin-partlayis

Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən inşaat materialları bazarında yanğın baş verib.

Bineqedi.com xəbər verir ki, hadisə “Dərnəgül” taxta bazarında qeydə alınıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğını nəzarət altına alıb. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisə zamanı bir nəfərin ürəktutmadan öldüyü bildirilir.

***

Küləkli hava, yüksək gərginlikli elektrik xətləri Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğının söndürülməsini çətinləşdirib.

Bu barədə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev bildirib.

O, qeyd edib ki, saat 05:41-də Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında FHN-ə yanğın olması barədə məlumat daxil olub: “Dörd dəqiqə sonra yaxınlıqda olan yanğınsöndürmə bölməsi hadisə yerinə çataraq, yanğını yüksək çağırışlı elan etməklə, 2 saylı çağırış elan edib. Havanın küləkli olması, həmçinin yanğın mənbəyinin yüksək gərginlikli elektrik xətlərinin altında olması yanğınsöndürənlərin həyatına təhlükə yaradıb və yanğının söndürülməsi çətinləşib”.

Bildirilib ki, küləkli hava yonqarları geniş sahəyə yayıb və yanğın yerində 3 mənbə yaranıb:”Hazırda bütün istiqamətlərdə yanğın sahəsi tam əhatəyə alınıb. Yanğının yayılmasının qarşısı alınıb. Yanğının sahəsi təxminən 4 min kvadratmetrə yaxındır”.

Taxta materialların ərazidən çıxarılması yüksək temperatur səbəbindən çətinlik yaradıb.

***

“Bir milyon yarımlıq malım qısa zamanda kül oldu”.

Bunu Bakıda inşaat materialları bazarında baş verən yanğından zərər çəkən sahibkar Əmrah Cəfərov deyib.

Onun sözlərinə görə, yanğın başladıqdan qısa zaman sonra küləyə görə güclənib: “Bir anın içində alov gücləndi. Yanğınsöndürənlər tez gəlsə də, güclü külək yanğını daha da şiddətləndirdi. Qısa müddətdə bir milyon yarımlıq əmlakım kül oldu. Dünən axşam bir vaqon mal gətirmişdim, onlar da kül oldu. Obyektim 800 kvadrat metrə yaxın idi. Obyektlərimin sığortası var. Yəqin istintaqla müəyyənləşdirəcək ki, kimdir günahkar, bizim də hüquqlarımız təmin olunacaq. Burada mühafizə güclüdür, qəsdən yandırılması ilə bağlı iddialar barədə nəsə deyə bilmərəm”

Digər sahibkar İntiqam Kərimov isə bildirib ki, yanğın zamanı 140 min manat ziyana düşüb: “Bilmirik yanğın nə ilə əlaqədardır. Gələndə gördük ki, hər yer yanır. Hər şey kül olub. Sığorta ilə bağlı müraciət etməmişik. Ümumiyyətlə, sığorta ilə bağlı heç kim bizə məlumat verməyib. Mənim obyektim təqribən 300-400 kvadrat metri əhatə edir, 140-150 min civarında ziyan dəyib”.

Qeyd edək ki, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Əvvəlki məqaləPaşinyan danışarkən işıqlar söndü – Video
Növbəti məqalədəTorpaq almaq istəyənlərə – Xəbərdarlıq