Əmirbəyov: “Bakı İrəvanla sülh sazişi üzrə danışıqların növbəti mərhələsinin keçirilməsinin tərəfdarıdır”

0
2011

Bakı yaxın vaxtlarda Azərbaycan və Ermənistan rəsmiləri arasında sülh sazişi layihəsi üzrə danışıqların növbəti mərhələsinin keçiriləcəyinə ümid edir.

Bineqedi.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, kommunikasiyaların açılması Azərbaycan və Ermənistan arasında bütün sülh prosesinin tərkib hissəsidir: “Danışıqların əsas qayəsi sülh sazişi mətninin (Bakı ilə İrəvan arasında) razılaşdırılmasıdır. Burada bütün əsas parametrlər, o cümlədən kommunikasiyaların bərpası göstərilir. Digər iki vacib məsələ isə kommunikasiyaların açılması, həmçinin Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyasıdır”.

Nəqliyyat kommunikasiyalarının bərpasından danışan E.Əmirbəyov Azərbaycan tərəfinin Zəngəzur dəhlizinin bərpası təşəbbüsünü xatırladaraq qeyd edib ki, bu, Azərbaycan vətəndaşlarının quru yolla maneəsiz Naxçıvan Muxtar Respublikasına gedə bilməsi üçündür: “Söhbət çox təəssüf ki, münaqişə nəticəsində dağılmış 42 kilometr dəmir yolundan gedir. Bu, təkcə çatışmayan sahənin tikintisi ilə bağlı deyil. Yeri gəlmişkən, biz tərəfdən bu iş demək olar ki, yekunlaşıb. Mən Horadiz-Ağbənd hissəsini nəzərdə tuturam. Təəssüf ki, Ermənistan hələ bu layihənin texniki əsaslandırılması üzərində işlərə başlamayıb”.

Prezidentin köməkçisi vurğulayıb ki, rəsmi Bakı yaxın gələcəkdə sülh sazişi layihəsinin müzakirəsi üçün Azərbaycan və Ermənistan rəsmiləri arasında danışıqların növbəti mərhələsini keçirməyə ümid edir: “Ümid edirik ki, danışıqların növbəti mərhələsi tezliklə baş tutacaq və yeri gəlmişkən, Azərbaycan tərəfindən hazırlanmış və ilk dəfə bir ildən bir az əvvəl Ermənistana təqdim olunmuş sülh sazişi layihəsinin müzakirəsi bərpa olunacaq. Sazişin mətni üzrə fiziki danışıqlar aparılmadığı halda, iki tərəf arasında layihələrin mübadiləsi davam etdirilir, yəni hər bir tərəf bu sazişin növbəti layihəsinə öz şərhlərini və düzəlişlərini təqdim edir. Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra danışıqlar yolunda irəliləyişə nail olmaq şansları xeyli artıb”.

Azərbaycanın Qarabağ regionunda Ermənistanın işğalı illərində yerləşdirilən mina və törədilən dağıntılar keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramının tam şəkildə həyata keçirilməsinə maneə yaradır.

Onun sözlərinə görə, sözügedən dövlət proqramının icrasına başlamazdan əvvəl Qarabağdan qovulmuş sakinlər arasında sorğu keçirilib və respondentlərin 85 faizdən çoxu geri qayıtmaq arzusunda olduğunu bildirib: “Qarabağ iqtisadi regionundan olan 750 mindən çox məcburi köçkün rəsmi olaraq yaşayış yerlərini müvəqqəti tərk etmiş insanlar adlanır. İndi söhbət onların Qarabağdakı daimi yaşayış yerlərinə qayıtmasını təmin etməkdən gedir. “Böyük Qayıdış” dövlət proqramının icrasına başlamazdan əvvəl bu insanlar arasında sorğular aparılıb və sorğuda iştirak edənlərin 85 faizdən çoxu geri qayıtmaq istədiklərini bildiriblər. Geri qayıtmaq arzusunu təkcə oradakı həyatlarını, oradan necə qovulduğunu xatırlayanlar deyil, həm də gənc nəsil, yəni o zaman etnik təmizləməyə məruz qalanların övladları, nəvələri də ifadə edib”.

E.Əmirbəyov vurğulayıb ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli saziş imzalanandan bəri geri qayıdan keçmiş məcburi köçkünlərin sayı 5 min nəfər təşkil edib, 2026-cı ilin sonuna isə bu rəqəmin 140 min nəfərə çatdırılması planlaşdırılır: “Təxminən 10 min kvadratkilometr ərazi həm piyada, həm də tank əleyhinə minalarla çirkləndirilib, üstəlik partlamamış mərmilər də nəzərə alınmalıdır. Aydındır ki, insanları ora köçürməzdən əvvəl bu ərazi minalardan təmizlənməli idi. Sonra əsas infrastruktur yaradılmalı idi – evlər, xəstəxanalar, məktəblər və s. Ona görə də infrastruktur artıq yaradıldığı üçün məcburi köçkünlərin öz evlərinə qayıtma sürəti, əlbəttə ki, artacaq – 2026-cı ilin sonuna isə bu rəqəmin 140 min nəfərə çatdırılması planlaşdırılır”.

Əvvəlki məqaləDYP sürücülərə müraciət etdi
Növbəti məqalədəErmənistan dövlətdir, yoxsa yox?