AŞPA-nı “narahat edən” nədir?

0
3395
aspa-avropa-surasi.png

AŞPA (Avropa Şurası Parlament Assambleyası) Almaniyanın təşəbbüsü ilə Azərbaycan nümayəndə heyətinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. Ukraynanın “European Pravda” nəşri məlumat yayıb ki, Azərbaycan üçün məhdudiyyətlərin tətbiqinə dair prinsipial qərar artıq AŞPA-nın Prezident Komitəsi səviyyəsində qəbul edilib. Buna səbəb kimi AŞPA-dan olan müşahidəçilərin fevralda Azərbaycanda keçiriləcək prezident seçkilərinə dəvət olunmaması göstərilir. Görünür AŞPA-nı Azərbaycanın işğala, separatçılığa, “boz” zonaya son qoyması, özünün ərazi bütövlüyünü, suverenliyini, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etməsi narahat edir.

Bu sözügedən təşkilatın Azərbaycana qarşı ilk qərəzli addımı deyil. Avropada tüğyan edən islamofobiyaya, söz azadlığı adı altında müqəddəs Quranın yandırılmasına bəraət qazandırılmasına, dinc nümayişçilərin atların ayağı altına salınmasına, üzərinə itlərin buraxılmasına, Korsika dilinin qadağan edilməsinə münasibət bildirməyən AŞPA Azərbaycana “öyüd-nəsihət” verməkdənsə, yuxarıda sadalananlara reaksiya versə yaxşı olar.

Bu kimi cəhdlər Avropa Şurasının beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də bütün üzv dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəliklərini bir daha təsdiq edən əsas qərar və sənədlərinə açıq şəkildə zidddir.

Rəsmi Bakının da qeyd etdiyi kimi, AŞPA Azərbaycan və Ermənistan arasında sülh səylərinin perspektivlərinə xələl gətirən Azərbaycana qarşı əsassız və qərəzli addımları dayandırmalıdır. Eyni zamanda, Avropa Şurasının mexanizmlərindən Azərbaycana qarşı istifadəyə yönəlmiş uzaqgörən olmayan cəhdlər tamamilə əks nəticə verir, bu kimi cəhdlər Azərbaycanın regionda davamlı sülhün təmin edilməsi və Azərbaycanın Qarabağ bölgəsində yerli erməni sakinlərlə bağlı reinteqrasiya planları istiqamətində fəaliyyətini davam etdirmək əzmini sarsıda bilməz.

 

Əvvəlki məqaləElxan Allahverdiyevin 7-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO
Növbəti məqalədəİrəvanın təhlükəli oyunları: Paşinyanın dəstəsi ona tabe deyil?