“Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır” – Prezident

0
2238
prezident-musahibe.png

“Amerikada da Soros dövrü başa çatıb. Bayden administrasiyası, əslində, Soros idarə üsulu ilə idarə olunurdu”.

Bineqedi.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.

Sorosçuların faktiki olaraq mövqelərini itirdiklərini vurğulayan dövlət başçısı deyib ki, Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır.

“Nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”, – deyə Prezident əlavə edib.

“Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik”.

Ermənistanın faktiki olaraq bölgə üçün bir təhdid mənbəyi olduğuna diqqət çəkən dövlət başçısı qeyd edib ki, müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar.

Ölkəmizin faşist dövlətlə qonşu olduğunu və faşizm təhlükəsinin sovuşmadığını xatırladan Prezident bildirib: “Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi məhv edəcək, ya da biz məhv edəcəyik. Bizim başqa çarəmiz yoxdur”.

“Bildiyimə görə, bu (COP29), Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi”.

COP29-un təşkilat komitəsinin Avropa Komissiyası ilə təmas qurduğunu və qarşı tərəfə Bakıya səfər etmək üçün kifayət qədər vaxtın olduğunu bildirdiyini söyləyən dövlət başçısı diqqətə çatdırıb: “Ancaq yenə də bu mesaja Avropa Komissiyası tərəfindən əhəmiyyət verilmədi. Əlbəttə bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur”.

“Biz üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar, inşaatda, dövlət işlərində və digər sahələrdə”.

“Bu il üçün bizim planlarımızda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar”, – deyə dövlət başçısı qeyd edib.

“…Daha sonra səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi”.

“Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu”, – deyə dövlət başçısı diqqətə çatdırıb.

“İndi yeni hökumətlə bağlı olan münasibətləri hələ ki, təhlil etmək çətindir. Çünki mənim şəxsən yeni Prezidentlə görüşüm olmayıb. Əgər olsa və nə vaxt olsa, onda mən bu barədə danışa bilərəm”.

“O ki qaldı, əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu, birinci dəfə deyil. Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?

İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı təəssüf hissi kifayət deyil. Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir. Bax, məsələ bundadır” – dövlət başçısı bildirib.

“Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək”.

“Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər. Bax, dünən xəbər gəldi ki, Ermənistanın və Paşinyanın yaxın dostu cənab Trüdo da vəzifədən getməli oldu. Həmin bu ölkə ki, İkinci Qarabağ müharibəsi dövründə və ondan sonrakı dövrdə qatı anti-Azərbaycan mövqeyində idi, heç Fransadan çox da uzağa getmir”, – dövlət başçısı qeyd edib.

Əvvəlki məqaləBu işçilərin maaşı artırıldı – Sərəncam
Növbəti məqalədəBinəqədidə vətəndaşlar liftdə qaldı – Video