Azərbaycan Prezidenti İlham Əliyev Xankəndi şəhərində əsaslı təmir və bərpadan sonra “Bulud” hotelinin açılışında iştirak edib.
Bineqedi.com xəbər verir ki, bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına görülən işlər barədə məlumat verib.
Ümumi sahəsi 5325 kvadratmetr olan hotel beş mərtəbədən ibarətdir. Hoteldə 45 nömrə var və 91 qonaq qəbul edə biləcək. Müasir iaşə məkanlarının yaradıldığı hoteldə “Lobby lounge”, kafe, açıq və qapalı restoranlar fəaliyyət göstərəcək.
Hoteldə 50 nəfər işlə təmin olunub.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni abidələrlə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var.
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan əsas prioritetlərdən biri də məhz bu bölgədə turizmin müxtəlif növlərinin inkişafı üçün zəruri təminatların yaradılmasıdır. Artıq son illər bu istiqamətdə genişmiqyaslı işlər görülür.
Füzuli və Zəngilanda yaradılan, Laçında tikintisi davam edən beynəlxalq hava limanları, inşa olunan müasir hotellər və həyata keçirilən digər infrastruktur layihələri azad olunan ərazilərimizin turizm potensialının reallaşmasında, turistlərin bu bölgələrə cəlb edilməsində mühüm rol oynayacaq.
***
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olublar.
Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına və birinci xanıma körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verib.
Qeyd edilib ki, 160 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə 2023-cü ildə başlanılıb. Zirzəmi və iki mərtəbədən ibarət binanın ümumi sahəsi 2700 kvadratmetrdən çoxdur. Burada müxtəlif otaqlar, uşaqların təlim-tərbiyəsi üçün bütün zəruri şərait yaradılacaq.
Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 960 yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olublar.
Ümumi tikinti sahəsi 4300 kvadratmetrdən çox olan yeni məktəb binası üç mərtəbədən ibarətdir. Təməli 2021-ci ilin mayında qoyulan məktəb 960 şagird yerlikdir. Burada kitabxana, muzey, iki yeməkxana, fənn kabinetləri ilə yanaşı, fizika, kimya, biologiya laboratoriyaları, akt və idman zalları, həmçinin 8 STEAM otağı olacaq.
Məktəbin tikintisinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur.









