“Bəzən sağlamlığında problem olan şəxslər hərbiyə cəlb edilir”

0
3947

Bəzən sağlamlığında problem olan şəxslərin həqiqi hərbi xidmətə cəlb edilməsi onların sağlamlıq və mənəvi-psixoloji vəziyyətinə ciddi təsir etməklə yanaşı, nəticə etibarilə onların komandir heyəti tərəfindən döyüş hazırlığı ilə bağlı olmayan işlərə cəlb olunmasına, habelə müayinə və müalicələrinin təşkili üçün hərbi büdcədən əlavə vəsait xərcinə səbəb olur.

Bineqedi.com xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Bildirilib ki, hərbi qulluqçular və onların ailə üzvləri tərəfindən Ombudsmana ünvanlanmış müraciətlərdə həqiqi hərbi xidmətdə, ehtiyatda və istefada olan (xüsusilə Silahlı Qüvvələrin tərkibindəki başqa silahlı birləşmələrdən ehtiyata və ya istefaya buraxılmış) hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsinin gecikdirilməsi, SQ-dən ehtiyata buraxılmada müəyyən problemlərin olması, bəzi hallarda bununla bağlı məhkəmə qərarlarının icrasının gecikdirilməsi, istifadə edilməmiş məzuniyyət günlərinə və əşya əmlakına görə pul kompensasiyasının vaxtında verilməməsi, möhlət və azadetmə hüququnu verən əsasların olmasına baxmayaraq, bəzi çağırışçılara münasibətdə bu hüquqdan istifadənin məhdudlaşdırılması, çağırışçıların sağlamlıq vəziyyətinin müəyyən edilməsi sahəsində nöqsanlara yol verilməsi nəticəsində müddətli həqiqi hərbi xidmətə göndərilmiş bəzi gənc əsgərlərin sağlamlığında problemlərin aşkar olunması, aidiyyəti qurumlar tərəfindən zəruri sənədlərin vaxtında verilməməsi və digər hallar öz əksini tapıb.

“Şəhid ailələrinin qanunvericilikdə nəzərdə tutulmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququ var. Lakin bununla bağlı təcrübədə yaranan bəzi çətinliklər qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi zərurətini yaradır”.

Bu məlumat Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2024-cü il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə bildirilib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın 2.1.4-cü bəndinə əsasən, şəhidin uşaq evlərində tərbiyə olunan qardaş və bacıları şəhid ailəsinin üzvü hesab edilirlər.

“Şəhidin həmin Qaydaların 2-ci hissəsində nəzərdə tutulmuş ailə üzvlərinin olmaması halında uşaq evlərində olmasından asılı olmayaraq bacı və qardaşlarının da şəhid ailəsinin üzvü hesab edilməsi həmin şəxslərin müvafiq güzəşt və imtiyazlardan bərabər şərtlərlə istifadə etməsinə şərait yaradacaq”, – deyə məruzədə bildirilib.

Əvvəlki məqaləDİM-dən plagiat olduğu iddia edilən sualla bağlı AÇIQLAMA – FOTO
Növbəti məqalədəBinəqədidə şəhidin məzarı ziyarət olunub – Foto