Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının yaradılmasının 32-ci ildönümü və 8 Mart-“Beynəlxalq Qadınlar Günü” münasibətilə tədbir keçirildi.
Bineqedi.com saytına verilən məlumata görə, tədbirdən öncə ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılan abidəsi ziyarət olundu.
Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanımızın müstəqilliyi, suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Açılış nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında ümummilli lider Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin mühüm uğurlar qazandığını diqqətə çatdırdı. Dövlətimizin hərtərəfli inkişafı və xalqımızın tərəqqisi naminə həyata keçirilən islahatların ölkəmizin daha böyük və əsaslı uğurlarına zəmin yaratdığını bildirdi. Bu siyasətin davamı ölkəmizi daha da işıqlı gələcəyə aparacaq və dünyadakı nüfuzunu möhkəmləndirəcək. Rayon İcra Hakimiyyətinin başçısı bütün sahələrdə öz elmi, zəkası, əməyi ilə fədakarlıqlar göstərən xanımları 8 Mart-“Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik edərək onlara uğurlar arzu etdi.
Yeni Azərbaycan Partiyasdı İdarə Heyətinin üzvü, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov nitqində xalqımızın yaxın keçmişini unutmadığını və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizin düşdüyü çox ağır vəziyyətdən nicat tapdığını vurğuladı. Xalqımızın ulu öndər Heydər Əliyevə olan böyük inam və etimadından, ona bəslədilən güvənindən bəhs edərək vurğuladı ki, Yeni Azərbaycan Partiyasının yaradılması dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə və inkişafına rəvac verib. Ondan ötən müddət ərzində istər Partiyamız, istərsə də onun rayon təşkilatları, xüsusilə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı uğurla inkişaf etməyə başlayıb.
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov çıxışında qeyd etdi ki, bu gün sürətli inkişaf edən müstəqil Azərbaycanımızı uğurlu inkişafa aparan bu yolda hər bir Azərbaycan vətəndaşı Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir. Öz əməlində ümummilli liderimiz Heydər Əliyev prinsiplərini yaşadan Yeni Azərbaycan Partiyasının seçdiyi əsas hədəfləri – qüdrətli və zəngin Azərbaycan, ərazi bütövlüyü, siyasi sabitlik, güclü iqtisadiyyat, davamlı inkişaf, ədalətli cəmiyyət və layiqli həyatdır. Bu prinsiplər dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə aparılan siyasi xəttin əsas hissəsini və prioritet istiqamətini təşkil edir.
Millət vəkili Azay Quliyev Yeni Azərbaycan Partiyasının təsis olunmasından, həmçinin ümummilli lider Heydər Əliyevin iştirakı ilə Naxçıvanda keçirilən Yeni Azərbaycan Partiyasının ilk iclaslarından bəhs etdi. O, ümummilli lider Heydər Əliyevin siyasi strategiyası və cənab prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün ölkəmizin çoxsaylı uğurlar qazanmasında Yeni Azərbaycan Partiyasının da əvəzsiz rolu olduğunu söylədi. Bu gün ölkəmizin dünyada söz sahibi bir ölkə olduğunu, bütün sahələr üzrə dinamik və məqsədyönlü uğurlara imza atdığını qeyd edərək bütün bunları iqtidar-xalq birliyinin, həmrəyliyinin məntiqi nəticəsi adlandırdı.
Tədbirdə yekun nitq söyləyən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov tədbir iştirakçılarını salamlayaraq əlamətdar günlər münasibəti ilə təbrik etdi. Yeni Azərbaycan Partiyasının Azərbaycanın siyasi həyatında əvəzsiz rolundan danışaraq, Partiyanın təkcə ölkəmizdə deyil, Qafqazda, hətta bütün dünyada yüksək nüfuza malik olduğunu qeyd etdi. O, Partiyanın sosial bazasının daha da möhkəmlənməsinin ulu öndər Heydər Əliyev ideyalarına etimadın və dövlətimzin başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin siyasətinə dəstəyin bariz nümunəsi olduğunu söylədi. Vüsar İsmayılov həmçinin, rayon təşkilatının fəaliyyətinə nəzər salaraq bildirdi ki, rayon təşkilatı həyata keçirdiyi tədbirlər, gördüyü işlərlə qarşısında daha böyük uğurları hədəfləyib.
Çıxışlardan sonra rayonun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən və 8 Mart-“Beynəlxalq Qadınlar Günü” münasibətilə bir qrup fəal Fəxri fərman və hədiyyələr ilə təltif olundu. Partiya sıralarına yeni üzv qəbul edilən şəxslərə üzvlük vəsiqələri təqdim edildi.
Tədbir bədii hissə ilə davam etdirildi. Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirildi.
Bineqedi.com












