Binəqədi Gənclər Evində “Feminizm nədir?” mövzusunda seminar keçirilib.
Oktyabrın 28-də Binəqədi Gənclər Evində Milli Mənəvi İnkişaf və Həmrəylik İctimai Birliyinin təşkilatçılığı ilə “Feminizm nədir?” mövzusunda seminar keçirilib.
Bineqedi.info xəbər verir ki, daha çox tələbənin fəal şəkildə iştirak etdiyi seminarda fəlsəfə üzrə fəlsəfə doktoru Mail Yaqub çıxış edərək feminizmin Qərbdə yaranma və inkişaf tarixini, sonra isə müsəlman şərqində, xüsusilə Azərbaycanda feminizmə baxış məsələlərini şərh edib.
Bildirib ki, qadına yüksək dəyər bizim milli mədəniyyətimizin təməl prinsiplərindəndir. O, Konstitusiyamızın 25-ci maddəsində qadın və kişi hüquqlarının bərabər olmasını diqqətə çatdırıb.
Daha sonra qeyd olunub ki, qadına qarşı şiddət təkcə hüquqi yolla deyil, həm də maarifləndirmə yolu ilə azala bilər. Natiq ölkəmizdə bununla bağlı hüquqi bazanın yetərli dərəcədə olduğunu vurğulayıb və əlavə edib ki, bu problemin həllində təkcə hüquqi təsisatlar deyil, bütün cəmiyyət, xüsusilə ziyalılar maarifləndirmə işi aparmalıdırlar.
Tədbirdə digər çıxış edənlər Azərbaycan qadınının cəmiyyət həyatının müxtəlif sahələrində oynadığı önəmli roldan danışıblar.
Bineqedi.info