Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.
Bineqedi.com xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədovun diqqətinə çatdırıldı ki, vaxtilə işğal edilmiş bütün ərazilərimizdə olduğu kimi, Şuşada da tarixi abidələr, o cümlədən məscidlər dağıdılıb, təhqir edilib.
Şəhərin 17 məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı. Şuşa işğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin tapşırığı ilə dərhal məscidlərin bərpa edilməsi işinə başlanılıb. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Yuxarı Gövhər Ağa məscidi olub.
Heydər Əliyev Fondu tərəfindən burada həyata keçirilmiş bərpa işlərinə 2021-ci ilin sonlarından başlanıb. 2023-cü il mayın 10-da isə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə məscidin əsaslı yenidənqurma və bərpadan sonra açılışı olub.
Yuxarı Gövhər Ağa məscidi ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.






Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 17-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə tanış olublar.
Ölkə əhəmiyyətli memarlıq abidələri siyahısında olan bu binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Yaradıcılıq Mərkəzi 2023-cü il mayın 10-da istifadəyə verilib.
Sərgidə ulu öndər Heydər Əliyevin Qarabağın sosial, iqtisadi, siyasi və mədəni inkişafında xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Burada, eyni zamanda, ümummilli liderin vaxtilə Qarabağa səfərlərinə, keçirdiyi müxtəlif görüş və tədbirlərə aid fotolar da yer alıb.
Qeyd edək ki, 1969-cu ildən Qarabağın və Şərqi Zəngəzurun tarixində böyük dönüş dövrü başladı. Dahi şəxsiyyət mürəkkəb tarixi şəraitdə belə bölgə həyatının bütün sahələrində geniş islahatlar aparmağa nail oldu. 1979-cu ildə Ağdam-Xankəndi dəmir yolunun istismara verilməsi Qarabağın digər rayonlarımızla təsərrüfat və iqtisadi cəhətdən daha sıx birləşdirilməsi baxımından ulu öndərin strateji addımı olmaqla yanaşı, həm də böyük tarixi xidməti idi.