“İl sonunadək poliklinikalarda elektron növbə sistemi olacaq”

0
9106

“Hazırda Azərbaycanda poliklinikalarda elektron növbə ilə bağlı işlər aparılır”. 

Bineqedi.com xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini Anar İsrafilov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, tədricən bu layihə bütün ölkə ərazisini əhatə edəcək: “Vətəndaşlara göstərilən tibbi xidmətlərə əlçatanlığın təmin edilməsi, eləcə də tibbi xidmətlərlə bağlı elektronlaşdırma işləri sürətli şəkildə davam etdirilir. Sistemin əsas məqsədi pasiyentlərin qəbul prosesini optimallaşdırmaq, canlı növbələri minimuma endirmək və vətəndaş məmnuniyyətini artırmaqdır. Elektron növbə sisteminin tətbiqi nəticəsində pasiyentlər onlayn və ya yerində növbə götürərək rahat şəkildə qəbul üçün qeydiyyatdan keçə bilirlər. Tibb personalı qəbul planlamasını daha düzgün həyata keçirir, zamanın idarəolunması tənzimlənir. Sıra məlumatı terminal ekranlarında əks olunur.

Hazırda bu sistem paytaxt və regionlardakı bəzi böyük tibb müəssisələrində aktiv istifadə olunur və gələcəkdə digər müəssisələrə də tətbiqi nəzərdə tutulur. Hazırda paytaxt və regionlarda yerləşən 40 tibb müəssisəsində növbə terminalı və monitorlar quraşdırılıb. İlin sonuna qədər poliklinikalarda da elektron növbə sisteminin tətbiqinə başlanılması gözlənilir”.

A.İsrafilov əlavə edib ki, bundan başqa, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada onlayn növbə və randevu sistemi fəaliyyətdədir. Bununla da vətəndaşlar həkim qəbulu üçün onlayn qaydada növbə götürərək sözügedən tibb müəssisəsinə yaxınlaşa bilər. Direktor müavini bildirib ki, gələcəkdə də bu proses davam etdiriləcək və mərhələli şəkildə digər tibb müəssisələrində də onlayn növbə sistemi tətbiq ediləcək.

Əvvəlki məqaləBinəqədidə şəhidin məzarı ziyarət olunub – Foto
Növbəti məqalədəDövlətə 81,5 milyon manat zərər vurulub, 30 nəfər cinayət məsuliyyətinə cəlb olunub