Dövlət büdcəsinin vəsaiti hesabına Binəqədi Rayon Məhkəməsi üçün yeni, müasir standartlara uyğun bina inşa olunub və 2018-ci ilin dekabr ayında açılışı olub.
Bineqedi.info xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi təxminən 265 minə yaxın əhaliyə xidmət edir.
Burada 80 nəfərdən çox, o cümlədən 19 hakim, 60 nəfər məhkəmə aparatı işçisi çalışacaq. Binada ümumilikdə 12 məhkəmə iclas zalı fəaliyyət göstərir.
Azərbaycan Prezidentinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncamının icrası çərçivəsində burada “elektron məhkəmə” və “elektron icra” informasiya sistemlərinin tətbiq olunması üçün bütün zəruri infrastruktur yaradılıb və bina müasir İKT avadanlığı ilə təchiz olunub. Məhkəmə zallarında proseslərin daha dəqiq və sürətlə protokollaşdırılmasına xidmət edən, audio-video yazılışları aparan “Femida” sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi və məhkəmə işlərinin idarəetmə sistemi üçün qurğular quraşdırılıb. Təqsirləndirilən şəxslər zalda beynəlxalq standartlara uyğun xüsusi ayrılan şüşə otaqda saxlanılır. Burada onların vəkillə birbaşa əlaqə saxlamaları üçün müvafiq qurğular var.
Binəqədi Rayon Məhkəməsi də inzibati və ictimai zonalara bölünür. Hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçündür. İctimai zonada vəkillər, dövlət ittihamçıları, icra məmurları və Ədliyyə Nazirliyinin icra şöbəsinin əməkdaşları üçün otaqlar var.
Binada hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız iclas zallarında görüşürlər. Bu isə şəffaflığın təmin edilməsində mühüm amildir.
Binada vətəndaşların müraciət imkanlarının asanlaşdırılması və onların məlumatlılığının təmin edilməsi məqsədilə məlumat nöqtələri, habelə müasir elektron informasiya daşıyıcıları, o cümlədən köşklər, lövhələr quraşdırılıb ki, bu da vətəndaşlara məhkəmə prosesləri və onların tarixi, vaxtı, məhkəmə zalı, hakimlər və digər məsələlərlə bağlı informasiyanı rahat əldə etməyə imkan yaradır. Bununla yanaşı, binada arxiv, maddi sübutların saxlanılması, vətəndaşların qəbulu, təqsirləndirilən şəxslərin vəkillə görüşü, dövlət ittihamçıları üçün otaqlar və tibb məntəqəsi mövcuddur. Konfrans zalında həm beynəlxalq, həm də ölkə səviyyəsində tədbirlər keçirmək mümkündür.
Həmçinin hakimlərə və məhkəmə işçilərinə Ədliyyə Nazirliyinin iclaslarına, müşavirə və toplantılarına, eləcə də Ali Məhkəmənin Plenumuna birbaşa qoşulmaq imkanı yaradılıb. Zalda tədris kurslarının keçirilməsi üçün də zəruri infrastruktur var. Buradakı kitabxana məhkəmə-hüquq sahəsinə aid ədəbiyyatla, Azərbaycan həqiqətlərini əks etdirən kitablarla zəngindir.
• Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi
• AZ-1054, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zahid Qənbərov küç., 11a
• Telefon: (012) 412-25-47, 412-37-08
• Faks: (012) 412-47-46
• Email: contact@binagadicourt.gov.az
• İş günləri: bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə
• İş vaxtı: 09.00-dan 18.00-dək
• Nahar fasiləsi: 13.00-dan 14.00-dək
Məhkəmənin sədri: | hər iş günü 14.00-dan 18.00-dək |
Məhkəmənin məsul əməkdaşı: | hər iş günü 09.00-dan 18.00-dək |