Binəqədi Gənclər Evində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xalq rəssamı Ömər Eldarov ilə İmza saatı keçirilib.
Bineqedi.com xəbər verir ki, Binəqədi Gənclər Evində Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ölkəmizdə elan olunan “Şəhərsalma və Memarlıq İli” münasibətilə akademik, Xalq rəssamı və dünya şöhrətli heykəltaraş Ömər Eldarov ilə İmza saatı təşkil olunub.
Tədbir gənclərin incəsənətə, memarlıq və şəhərsalma mədəniyyətinə marağının artırılması, milli mədəni irsin təbliği və heykəltaraşlıq sənətinin incəliklərinin gənclərə çatdırılması məqsədi daşıyıb.
Görüşdə Ömər Eldarov monumental heykəltaraşlıq sahəsində yaratdığı unikal əsərlər, ideyadan formaya gedən yaradıcılıq prosesi, heykəltaraşlıq sənətində konseptin, formanın və estetik detalların əhəmiyyəti barədə ətraflı məlumat verib.
Sənətkar, həmçinin Ümummilli Lider Heydər Əliyev, Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Natəvan, Məhəmməd Füzuli, Hüseyn Cavid, Lütfi Zadə və digər görkəmli şəxsiyyətlərin xatirə abidələri və heykəlləri üzərindəki təcrübəsini gənclərlə bölüşüb. Gənclər maraqla izləyib, sənətkarın yaradıcılığı ilə bağlı suallarını ünvanlayaraq biliklərini zənginləşdiriblər.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxış edərək, ölkəmizdə “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsinin gənclərin şəhərsalma, memarlıq və incəsənət sahələrinə marağını artırmaq baxımından əhəmiyyətini vurğulayıb. O, həmçinin Ömər Eldarovun Azərbaycan mədəniyyətinə verdiyi töhfələri yüksək qiymətləndirərək, gənclərin belə tədbirlərdə iştirakının onların estetik zövqünü və yaradıcı bacarıqlarını inkişaf etdirmək baxımından önəmli olduğunu bildirib.
“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova çıxışında isə tədbirin gənclərin mədəniyyət və incəsənət sahəsində maariflənməsinə, həmçinin milli irsimizin qorunması və təbliğinə xidmət etdiyini qeyd edib. O, xüsusi olaraq Ömər Eldarova gənclərlə görüşdəki səmimi yanaşması, zəngin təcrübəsini bölüşməsi və yaradıcılığı ilə gənclərə ilham verdiyi üçün təşəkkürünü bildirib.
Tədbirin sonunda Ömər Eldarov gənclərlə xatirə fotoları çəkdirib.






















