“Ötən ilin ortalarından etibarən “pensiyaçılara şad xəbər” başlıqları ilə yayılan məlumatlara baxmayaraq, qanunvericiliyə əsasən əmək pensiyaları ildə yalnız bir dəfə – növbəti ilin əvvəlində indeksləşdirilir. Bu proses “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə uyğun olaraq həyata keçirilir və vətəndaşların qanuni haqqıdır”.
Bunu deputat Əli Məsimli öz sosial media hesabında yazıb:
“2026-cı il üzrə pensiya artımları ilə bağlı Prezident sərəncamının fevral ayının birinci ongünlüyündə imzalanması gözlənilir. Pensiyaların artımı Dövlət Statistika Komitəsinin elan etdiyi 2025-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun aparılacaq”.
Deputatın sözlərinə görə, Dövlət Statistika Komitəsinin ilkin məlumatlarına əsasən, 2025-ci ilin yanvar-noyabr aylarında orta aylıq əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artıb. Rəsmi açıqlamalarda isə artım tempinin 9-9,2 faiz civarında olacağı ehtimal edilir. Dəqiq göstərici fevral ayının əvvəlində açıqlanacaq.
Ə.Məsimli qeyd edib ki, indeksləşdirmədən sonra median pensiya səviyyəsində – təxminən 360 manat pensiya alanların aylıq pensiyası 393 manata, orta pensiya səviyyəsində – 543 manat pensiya alanların pensiyası isə təxminən 593 manata yüksələ bilər.
Deputat vurğulayıb ki, pensiya artımları əmək pensiyalarının bütün növlərinə – yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya alanlara şamil ediləcək və bu artımlar 1,1 milyon pensiyaçını əhatə edəcək.
Yanvar ayında pensiyaların artımla verilməməsinin səbəbinə toxunan Əli Məsimli bildirib ki, 2025-ci il üzrə orta illik əməkhaqqı göstəricisi hələ açıqlanmadığı üçün yanvar ayında əvvəlki məbləğdə ödəniş edilib. Artımlar yanvar ayı üçün də hesablanaraq fevral ayında ödəniləcək. Məsələn, 400 manat pensiya alan şəxs fevralda yanvar və fevral aylarının artımı ilə birlikdə təxminən 474 manat alacaq, mart ayından etibarən isə aylıq pensiyası 437 manat civarında olacaq.
Deputat həmçinin fərdi pensiya kapitalı ilə bağlı məsələyə də aydınlıq gətirib. O bildirib ki, qanuna əsasən, sığortaolunanların fərdi şəxsi hesabında olan pensiya kapitalı ildə bir dəfə inflyasiya səviyyəsinə uyğun indeksləşdirilir. 2026-cı ildə bu göstərici 5,6 faiz olacaq. Bu isə fərdi hesabında minimum 46 080 manat pensiya kapitalı olan şəxsin vəsaitinin təxminən 2 580 manat artaraq 48 660 manata çatması deməkdir.
Sonda Əli Məsimli vurğulayıb ki, pensiyaların indeksləşdirilərək artırılması müsbət haldır, lakin qiymət artımları da nəzərə alınmalıdır. Onun sözlərinə görə, real nəticə əldə etmək üçün ciddi antiinflyasiya tədbirləri görülməlidir ki, pensiya artımları pensiyaçıların həyat səviyyəsinə real müsbət təsir göstərə bilsin.milli.az
***
Rusiya Dövlət Dumasının bir qrup deputatı orduda və təhlükəsizlik qüvvələrində xidmət edən qadınların təqaüd yaşını 43-ə endirməyi təklif edib. Qanun layihəsi ailə səbəbləri ilə, yəni uşaqlara və ya yaxın qohumlarına qulluq etmək üçün ordu sıralarından ayrılan qadınların üzləşdiyi ədalətsizliyi aradan qaldırmağı hədəfləyir. Onlar təhlükəsizlik qüvvələrində 12 ildən çox xidmət ediblər və ümumilikdə 25 illik xidmət stajına malikdirlər, lakin 45 yaş tələbinə görə hərbi pensiya almaq hüququna malik deyillər.
Maraqlıdır, bunun tətbiqi Azərbaycanda da ola bilərmi?
Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, Rusiyada təqdim olunan təklif əsasən xüsusi şərtlərlə pensiyaya çıxan xanımlarla bağlıdır:
“Xüsusi şərtlərlə pensiyaya çıxma yaşı adi şərtlərlə pensiyaya çıxma yaşından fərqlənir. Biz bütün bunları nəzərə alaraq hesab edirik ki, Azərbaycanda da qadınlarla kişilər arasında pensiya yaşının fərqləndirilməsi təklif oluna bilər. Pensiya yaşına differensial yanaşmanı daha məqsədəuyğun hesab edirik. Çünki bir çox ölkələrdə, o cümlədən bəzi Avropa ölkələrində kişilərlə qadınların pensiya yaşı arasında fərq mövcuddur. Qadınlar kişilərlə müqayisədə pensiyaya daha tez, daha erkən yaşda çıxırlar. Bu isə birbaşa onunla bağlıdır ki, qadınların sosial təminata, xüsusilə də müəyyən yaş dövründə daha çox ehtiyacı olur. Məhz bu səbəbdən qadınlar üçün pensiya yaşının differensial şəkildə müəyyənləşdirilməsi bir çox ölkələrdə tətbiq edilir”.
O deyib ki, həmin təcrübələr öyrənilməli və Azərbaycanda da differensial pensiya yaşı sisteminin tətbiqinə baxılmalıdır:
“Praktiki baxımdan bu yanaşmanın tətbiqi xüsusilə qadınlarımızın daha tez pensiyaya çıxmasına imkan yarada bilər. Eyni zamanda pensiya yaşı müəyyən edilərkən yalnız kəmiyyət göstəricilərinin deyil, həm də keyfiyyət göstəricilərinin nəzərə alınması, qadınlara daha erkən pensiyaya çıxmaq hüququnun verilməsi kimi meyarların tətbiqini məqsədəuyğun hesab edirik”.

















