Binəqədidə konfrans keçirildi – Foto

0
9098

Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində xalqımızın Ümmumilli Lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfransın rayon mərhələsi keçirilib.

Bineqedi.com xəbər verir ki, konfransda Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Fəttah Fəttayev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin baş məsləhətçisi Mirtural Mirsultanov, rayon orta ümumtəhsil müəssisələrinin rəhbərləri, müəllimlər və məktəblilər iştirak edib.

Konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Konfrans Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı, suvenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Dövlət Himninin Rüstəm Əliyev adına 3 № li tam orta məktəbin xorunun ifasında səslənməsindən sonra açıq elan olunub, şeir kompazisiyası səslənib.

Sevinc Süleymanova çıxışında qeyd edib ki, müsabiqənin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, milli həmrəylik və qəhrəmanlıq hisslərin aşılanması, onlarda vətənpərvərlik ruhunun yüksəlməsi, Azərbaycanın tarixi qələbəsinin təbliğ edilməsi, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır. Ömrünü və bütün həyatını xalqına, dövlətə xidmətə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışının sonunda Sevinc Süleymanova məktəblilər arasında Ulu Öndər irsinin və Azərbaycan tarixinin təbliği və istedadlı gənclərin öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələri üçün edilən təşəbbüsə görə Bakı Şəhər İcra Hakimiyyətinə təşəkkürünü bildirdi və növbəti mərhələdə şagirdlərə müvəffəqiyyətlər arzu edib.

Konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov tədbir iştirakşılarına Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu və siyasi fəaliyyəti barədə ətraflı məlumat verərək, Dahi Liderin keçdiyi şərəfli və mənalı həyat yolundan, dövlətimizin, xalğımızın bu günü üçün etdiyi fədakarlıqlardan söhbət açdı. Elmin İmanov müsabiqənin bundan sonrakı mərhələləri, qiymətləndirmə meyarları və layihə haqqında ətraflı məlumat verib.

Müsabiqənin gənc nəslin vətənpərvər ruhda böyüməsində böyük rolu olmasını vurğulayaraq, məktəblilərə uğurlar arzu etdi və bundan sonra da şagirdlər və gənclər arasında humanitar biliklərin artırılması sahəsində, vətənpərvərlik, doğma yurda sevgi mövzusunda layihələrin keçirilməsinin davamlı olacağını söyləyib.

Fəttah Fəttayev tədbirin gedişatına və şagirdlərə uğurlar arzu edərək bildirdi ki, keçirilən müsabiqə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin gənc nəsil arasında təbliği, eyni zamanda, gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır. Müstəqil Azərbaycan dövləti bu günki inkişaf mərhələsinə asan yolla çatmayıb. Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, ulu öndər Heydər Əliyev olub.

Sevinc Abdullayeva çıxışında bildirdi ki, gənclərin tarixi yaddaşının möhkəmləndirilməsində Vətən tarixinin öyrənilməsinin əhəmiyyəti böyükdür. Gənc nəslin dünyagörüşünün formalaşmasında, onlarda Vətən təəssübkeşliyinin, siyasi mənlik hisslərinin və azərbaycançılıq ideologiyasının güclənməsində, müstəqil dövlətimizin daha da inkişafında, ona sevgi və məhəbbətin artmasında Ümummilli Lider Heydər Əliyev milli-mənəvi irsinin öyrənilməsinin çox böyük aktual tərəfləri və elmi-nəzəri əhəmiyyəti var.

Müsabiqədə təqdim olunan 5 mövzu – “Şəddadilər dövləti”, “Qərbi Azərbaycan xanlıqları (Naxçıvan və İrəvan), “Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti” (XX əsrin əvvəlləri), “Əsrin Müqaviləsi”, regional və beynəlxalq əhəmiyyətli lahiyələrin reallaşdırılması”, “Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması” mövzuları üzrə rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərindən ümumilikdə, 139 nəfər şagirdin referat-yazı işi daxil olmuş, birinci mərhələdə iştirakçılardan 16 nəfər şagirdin yazı işi qənaətbəxş qəbul edilib, yekunda 10 nəfər şagirdin yazı işi rayon mərhələsinin finalına vəsiqə qazanıb.

Konfransın sonunda müsabiqənin rayon mərhələsinə vəsiqə qazanan şagirdlər təqdimatları ilə çıxış ediblər. Müsabiqədə fərqlənən iştirakçılar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.

 








Əvvəlki məqaləAzərbaycanda ödənişli avtomagistrallarda maksimum sürət həddi TƏSDİQLƏNDİ