Binəqədidə Milli Qurtuluş Günü qeyd olundu – Foto

0
10993

Binəqədi rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluşdən başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib.

Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, şəhid ailələri, qazilər, məktəbəqədər və orta ümumtəhsil, tibb, mədəniyyət müəssisələrinin direktorları,  ictimai birliklərin rəhbərləri iştirak ediblər.

Tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyev adına istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər, abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad etdilər.

Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirib ki, xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri də Milli Qurtuluş Günüdür: “1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 İyun əsl Qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir. Bu gün Azərbaycan dünyanın döyünən ürəyinə, mərkəzinə çevrilən bir ölkə kimi beynəlxalq aləmdə də öz qətiyyətli sözünü deməkdədir. Çünki ümummilli lider Heydər Əliyev ideyaları sarsılmaz, dönməzdir və bu ideyaları başda dövlət başçımız cənab İlham Əliyev olmaqla, bütün xalqımız yaşadır. Xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək”.

Növbəti çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov qeyd edib ki, 15 İyun 1993-cü il Azərbaycanın tarixində müstəsna əhəmiyyəti olan tarixi bir gündür. Çünki həmin tarixdən başlayaraq dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın həyatının bütün sahələrində ölkəmiz sürətlə inkişaf etməyə başladı.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının ilk təşəbbüskarlarından olan 91-lərin üzvü, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikasının əməkdar müəllimi Asif Cahangirov çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyevi bütün xalq sevirdi, dünyanın böyük siyasətçiləri onunla hesablaşırdı.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında qeyd edib ki, 1993-cü ildə xalqın xahişi və təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmləndirilməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ideyalar bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirilir.

Tədbirin bədii hissəsində əməkdar artisti Aqşin Abdullayevin, beynəlxalq müsabiqələr qalibi, Prezident təqaüdçüsü vokal ifaçısı Amil Həsənoğlunun, Akademik Opera və Balet teatrının solisti,  “Tərəqqi” medalı mükafatçısı Aytən Məhərrəmovanın ifasında musiqilər səslənib, “Gənclik” rəqs ansamblının ifasında rəqs nümunələri nümayiş etdirilib.





 

Əvvəlki məqaləBinəqədidə “İnsan Hüquqları: dini etiqad azadlığı” mövzusunda tədbir keçirilib -FOTO