Qız Qalasına bayraq sancdı, 20 il dəlixanada saxlanıldı, sonra yoxa çıxdı

0
8545

Azərbaycanın müstəqillik tarixində elə hadisələr var ki, onların arxasında dayanan insanların taleyi bu gün də müəmmalı olaraq qalır. Sovet rejiminin hökm sürdüyü bir vaxtda Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını Bakının simvollarından biri olan Qız Qalasına sancmaq isə böyük cəsarət, vətən sevgisi və azadlıq iradəsi tələb edirdi. Bu addımı atanlardan biri də Çingiz Abdullayev olub.

1956-cı il mayın 28-də, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 38-ci ildönümündə Çingiz Abdullayev və onun silahdaşı Cahid Hilaloğlu sovet hakimiyyətinin qadağalarına baxmayaraq, üçrəngli bayrağımızı Qız Qalasının üzərinə qaldırıblar. Bu cəsarətli addım onların həyatını dəyişib. Sovet təhlükəsizlik orqanlarının təqibləri, həbslər, işgəncələr və uzun illər davam edən təcrid…

Çingiz Abdullayevin sonrakı həyatı isə daha böyük bir müəmmaya çevrilib. Uzun illər həbsdə və psixiatriya xəstəxanasında saxlanılan, daha sonra ABŞ-a, oradan isə İsveçrəyə köçən bu Azərbaycan vətənpərvərinin taleyindən ailəsinin də xəbəri yoxdur.

Çingiz Abdullayevin həyat yolu və naməlum taleyi barədə onun qardaşı qızı Töhfə Eminova 2019-cu ildə mətbuata verdiyi müsahibədə danışıb.

Töhfə xanımın sözlərinə görə, əmisi 1929-cu ildə Laçın rayonunda anadan olub. Ailə sonradan Bakıya köçüb. Çingiz Abdullayev məktəbi bitirdikdən sonra Teatr İnstitutuna daxil olub. Məhz burada sovet rejiminə qarşı mübarizə aparan Cahid Hilaloğlu ilə tanış olub. Bundan sonra hər iki gəncin həyatında siyasi mübarizə əsas yer tutmağa başlayıb.

Töhfə Eminova müsahibəsində əmisi ilə bağlı xatirələrini bölüşərkən onun ailəsi ilə belə ehtiyatla əlaqə saxladığını bildirib:

“Çingiz əmim siyasi məsələlərə qarışdığından onu çox görə bilmirdim. Yalnız ad günlərimdə gələ bilsəydi, gələrdi. Gələ bilməsəydi, Moskvadan zəng vurub iki dəqiqəlik təbrik edərdi. Ondan artıq danışmırdı ki, yerini bilməsinlər. Çünki KQB ona nəzarət edirdi”.

Töhfə xanımın xatırladığı ən ağır hadisələrdən biri isə hələ uşaq yaşlarında əmisi ilə bağlı yaşanıb. Onun sözlərinə görə, dördüncü sinifdə oxuyarkən KQB əməkdaşları onu məktəbdən götürərək evlərinə aparıblar. Valideynlərinə Moskvaya gedəcəkləri bildirilib.

Moskvaya çatdıqdan sonra ailəni Amerika səfirliyinə aparıblar. Məlum olub ki, Çingiz Abdullayev həbs olunarkən səfirliyə sığınaraq siyasi sığınacaq istəyib. Töhfə xanımın valideynlərini ora aparmaqda məqsəd isə onu fikrindən daşındırmaq olub.

“Anamla atamı ora gətirməkdə məqsəd əmimlə danışıb, onu dilə tutmaq idi. Məni isə maşında girov saxlamışdılar ki, birdən valideynlərim geri qayıtmaz. Amma onların başqa ölkəyə köçmək fikri yox idi. Atam əmimi heç cür razılığa gətirə bilmirdi. O, vətənə qayıtmaq istəmirdi. Orada atam əmimə bir şillə vurdu. Dedi ki, sənə görə ailəm əziyyət çəkir. Yadımdadır, bir də gördüm əmim ikinci mərtəbədən pərdəni qaldırıb mənə baxır. Ona demişdilər ki, uşaq maşının içindədir. Məni çox istəyirdi”.

Töhfə Eminovanın danışdıqlarına görə, Çingiz Abdullayevin həyatının ən ağır dövrlərindən biri Maştağa Psixiatriya Xəstəxanasında keçib. O, təxminən 20 il həmin xəstəxanada saxlanılıb.

Töhfə xanımın sözlərinə görə, sovet hakimiyyəti onun siyasi fəaliyyətini dayandırmaq üçün ruhi xəstə olması barədə qərar verib. Halbuki əmisi heç bir psixi xəstəlikdən əziyyət çəkməyib.

“Əmimin heç bir xəstəliyi yox idi. Danışırdı ki, dərman verəndə içmir, iynə vurmağa qoymur. Buna görə də 20 il xəstəxana həyatına dözdü. Huşunu itirməmişdi. Orada qəzetlər oxuyurdu, bütün məlumatlara sahib idi. Amma danışmırdı, xoflu idi”.

Onun sözlərinə görə, ailə üzvləri Çingiz Abdullayevin yanına gedir, ona yemək aparırdılar. Ən ağır ruhi xəstələrin saxlandığı bölmədə olmasına baxmayaraq, o, ətrafındakı insanlara təsir edə bilirdi.

Töhfə xanım həmin günlərdən danışarkən anasının cəsarətini də xüsusi vurğulayıb:

“Bir dəfə biz ora gedəndə baş həkim anama dedi ki, Rəhilə xanım, bəlkə içəri girməyəsiniz, ora çox təhlükəlidir, uşaqla gəlmisiniz. Anam dedi: qorxma, Çingiz haradadırsa, orada sakitlik olar. Əmimin daxilində, vücudunda o qədər liderlik qabiliyyəti var idi ki, ruhi xəstələri də idarə edirdi. O, işarə verən kimi xəstələrin hamısı sakitcə keçib qıraqda oturdular. Bizə heç kim mane olmadı”.

Töhfə Eminovanın sözlərinə görə, Çingiz Abdullayev təxminən 20 ildən sonra xəstəxanadan azad edilib. Lakin ailəsinin yanına qayıtmayıb. KQB-nin nəzarətində olduğunu bildiyindən birbaşa Moskvaya gedib və oradan ailəsi ilə əlaqə saxlayıb.

Daha sonra yenidən Amerika səfirliyinə müraciət edərək siyasi sığınacaq istəyib. Müraciəti müsbət cavablandırılıb və ABŞ-a göndərilib.

“Orada altı ay qalıb. Çingiz əmim özü Nyu-Yorkdan bizə zəng edib dedi ki, hər şey yaxşıdır, artıq Amerikadadır. Bildirdi ki, orada gözündən əməliyyat olunub. Onun katarakta xəstəliyi var idi. Daha sonra öyrəndik ki, İsveçrənin Bern şəhərinə köçüb”.

Töhfə xanımın sözlərinə görə, əmisi ilə sonuncu dəfə 1993-cü ildə danışa bilib. Həmin telefon danışığında Çingiz Abdullayev sovet rejiminin süqutunu böyük sevinc və qürurla qeyd edib.

“1993-cü ildə Berndən zəng vurub bildirdi ki, mən bacardım, SSRİ dağıldı. 1956-cı ildə Qız Qalasından bayrağı asdım, indi isə bu rejimin dağılmasının şahidi oldum. Sonra əlavə etdi ki, narahat olmayın, hər şey yaxşıdır. Mən ali məktəbi bitirdiyim il idi. Məndən də soruşdu ki, işlərin necədir və s. Çingizlə sonuncu dəfə həmin vaxt danışa bildik. Ondan sonra bu günə kimi əlaqə qura bilmədik”.

Töhfə Eminova əmisi İsveçrəyə köçdükdən sonra ailə qurmadığını da bildirib. Onun sözlərinə görə, Çingiz Abdullayev ömrünün böyük hissəsini həbs və təqiblərdə keçirdiyindən şəxsi həyatına vaxt ayıra bilməyib.

Musavat.com-un məlumatına görə, Çingiz Abdullayevin hazırda həyatda olub-olmaması isə ailəsi üçün açıq sual olaraq qalır.

Töhfə xanım bildirib ki, illərdir əmisi barədə məlumat əldə etməyə çalışır. Hətta İsveçrədəki Azərbaycan diasporunun rəhbəri ilə də əlaqə saxlayıb. Lakin indiyədək onun sonrakı həyatı barədə dəqiq məlumat əldə edə bilməyib.

“İllərdir ki, əmimi axtarıram. İsveçrənin diaspora sədri ilə əlaqə saxladım. O, bizə kömək edəcəyini dedi. Amma indiyə kimi heç kim onun haqqında eşitməyib. Bəlkə də yaşayır, bəlkə də dünyasını dəyişib”.

Töhfə xanım müsahibəsində bir məqama da aydınlıq gətirib. Çingiz Abdullayevin İsveçrə səfirliyindən sığınacaq istəməsi ilə bağlı yayılan məlumatların müəyyən hissəsi doğru olsa da, bu cəhd uğursuzluqla nəticələnib. Onun sözlərinə görə, əmisi Moskvadakı İsveçrə səfirliyinə müraciət edib, lakin viza verilənədək oteldə qalması təklif olunub. Təhlükəsizliyinə təminat verilməsinə baxmayaraq, KQB onu oteldə həbs edərək Maştağa Psixiatriya Xəstəxanasına göndərib.

Bundan sonra Çingiz Abdullayev ABŞ səfirliyinə üz tutub. Töhfə xanımın sözlərinə görə, əmisi səfirliyə getməzdən əvvəl günlərlə müşahidə aparıb, giriş-çıxış saatlarını öyrənib və uyğun məqamı gözləyib.

O, səfirliyin nümayəndələrinə belə deyib: “Ya məni öldürün, ya da sığınacaq verin”.

Töhfə Eminova müsahibəsində əmisi Çingiz Abdullayevin ziyalı, savadlı və yüksək intellektə malik insan olduğunu da xüsusi vurğulayıb. Onun sözlərinə görə, Çingiz Abdullayev Teatr İnstitutunda təhsilini qiyabi də olsa başa vurub, yaxşı nitq qabiliyyətinə görə radioya dəvət edilib və “Amerikanın səsi” radiosuna dəfələrlə müsahibə verib.

Sovet rejiminin ən sərt dövründə Azərbaycan bayrağını Qız Qalasına sancaraq azadlıq mübarizəsinin simvollarından birinə çevrilən Çingiz Abdullayevin həyatının sonrakı səhifələri hələ də naməlumdur. Onun harada yaşadığı, nə vaxt vəfat etdiyi, yaxud bu gün həyatda olub-olmadığı barədə ailəsinin əlində heç bir dəqiq məlumat yoxdur.

Bir vaxtlar Qız Qalasının zirvəsində dalğalandırdığı üçrəngli bayraq bu gün müstəqil Azərbaycanın rəmzidir. Amma həmin bayrağı ucaldan qəhrəmanlardan birinin taleyi hələ də cavabsız suallar içindədir.

Əvvəlki məqalə“Eşq olsun Azərbaycan Bayrağına!” – VİDEO