Biləcəri qəsəbəsi ərazisində yerləşən 298 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin nümayəndələri iştirak ediblər.
RİH başçısı E.Allahverdiyev 2019-cu il ərzində sakinləri narahat edən problemlərlə yaxından tanış olmaq məqsədi ilə mütəmadi olaraq rayonun müxtəlif qəsəbələrində, mikrorayonlarında səyyar görüşlərin keçirilməsini, cari il üzrə sonuncu səyyar görüşün Biləcəri qəsəbəsində keçirildiyini bildirərərk sakinləri salamlayıb.
RİH başçısı 2019-cu ilin ölkəmiz üçün çox əlamətdar il olmasını qeyd edərək, ölkə iqtisadiyyatının inkişafının uğurla davam etdiyini, dövlət proqramına uyğun olaraq, pambıqçılığın inkişafı istiqamətində müsbət nəticələr əldə edildiyini, ümumiyyətlə, qeyri-neft sektorunda böyük uğurlara nail olunduğunu bildirib.
Qeyd olunub ki, davamlı inkişaf, əldə edilən uğurlar Binəqədi rayonunda da öz əksini tapır və növbəti illərdə həyata keçirilən işlər vətəndaş məmnunluğuna xidmət edəcəkdir.
Cari ildə də ölkə başçısı İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, respublikanın müxtəlif rayon və şəhərlərində, o cümlədən, paytaxt Bakı şəhərində yeni infrastruktur layihələrinin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən vəsaitlər ayrılıb. Növbəti İmzalanan sərəncama əsasən, Binəqədi rayonunun M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri nəzərdə tutulub.
Qəsəbə sakinləri ölkə ərazisində, eləcə də, Binəqədi rayonunda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin müraciətlərini dinlədikdən sonra problemlərin aradan qaldırılması ilə bağlı aidiyyatı xidmət təşkilatlarının nümayəndələrinə müvafiq tapşırıqlar verib.