Binəqədi Rayon İcra Hakimiyyəti (RİH) və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhər şöbəsinin birgə təşkilatçılığı ilə Xocəsən qəsəbəsində “Dövlət və Din” mövzusunda görüş keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, görüşdə Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Şəmsi Gülverdiyev, DQİDK-nin Bakı şəhər şöbəsinin müdiri Anar Kazımov, komitə və bələdiyyə nümayəndələri, din xadimləri və yerli ağsaqqallar iştirak ediblər.
Tədbiri açılış nitqi ilə başlayan Ş.Gülverdiyev görüşün məqsədini bildirmiş və mövzu ətrafında çıxış edib.
O qeyd edib ki, mövcud ictimai-siyasi sabitliyin qorunub saxlanmasına hər bir vətəndaş, o cümlədən, din xadimləri də öz töhfələrini verməlidirlər.
Tariximizin dərinliklərində süzülüb gəlmiş tolerant həyat tərzi, multikultural dəyərlər və dözümlülük ənənələri yaşadılmalı, daha da inkişaf etdirilməlidir. Artıq heç kimə sirr deyil ki, dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və birbaşa əməli fəaliyyəti nəticəsində dini məbədlər inşa edilib, bərpa edilib.
Daha sonra çıxış edən A.Kazımov komitənin məlum sahə üzrə gördüyü işlər barədə məlumat vermiş və bildirmişdir ki, keçirilmiş tədbirlər davam etdiriləcək, hər bir din xadimi qayğı ilə əhatə olunacaqdır. Belə tədbirlərin davam etdirilməsində hər birimiz məsuliyyətimizi anlamalıyıq.
Tədbir görüş iştirakçıların fikir mübadiləsi ilə davam edib.