Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva ilə “İşdən sonra” söhbət – Fotolar

0
56570
aygun-eliyeva-bineqedi-rayonu3

Onunla söhbətimiz dövlət qulluqçularının peşə bayramı ərəfəsinə təsadüf etdiyi üçün hələki bu istiqamət üzrə sualları düşünürəm. Amma …

Səni düşündüyüm qədər heç kəsi düşünmədim
Səni axtardığım 
qədər heç kəsi axtarmadım…
Fonda gələn mahnının sözləri məni fikrimdən daşındırır. Dövlət qulluqçusu, məmur xanımla “rəsmi bağları” azca yumşaltmağa çalışacağıq.
Lap unutmuşdum… Budəfəki “İşdən sonra”nın görüş yeri qədim İçərişəhərdir. Məhz müsahibimin istəyi ilə bu məkanı seçdik. Öz sözləri ilə ifadə etsəm “İçərişəhər dünyanın ən gözəl şəhəri olan Bakımızın göz bəbəyidir”.

aygun-eliyeva-bineqedi-rayonu2

Bəli.. Bu qədim küçələr müxtəlif görüş və xatirələrin şahidi olub. Elə bizim də söhbətimizə şahidlik edəcəkdir. Müsahibim dövlət qulluğunun kiçik müşaviri, Binəqədi Rayon İcra  Hakimiyyəti başçısının müavini Aygün Əliyevadır.

– Aygün xanım, ümumiyyətlə insanları itirib-axtaran birisiniz?
-Üzərimdə əziyyəti olan heç kimi və heç nəyi “itirməməyə” çalışıram. Lakin mübaliğəni sevmədiyim üçün bunu insanlara dəfələrlə xatırlatmağın əleyhinəyəm. Sözlər yalnız təsəllidir, kimisə həqiqətən çox sevdiyini və ona qarşı vicdanlı olduğunu dönə-dönə deməyə ehtiyac yoxdur, onu zərurət yarananda əməlində sübut etməlisən.

– Təxminən 6 il əvvəl, təyinatınız mətbuatda və cəmiyyətdə ciddi rezonans yaratdı. “25 yaşlı icra başçısının müavini” sərlövhəli yazılar, “məmur övladı” başlığı ilə manşet oldunuz. O zaman Siz bu suallar qarşısında susdunuz. Bəlkə məmurluğa qədər gələn yol haqqında indi danışasınız…

– Mən sadə mühəndis ailəsində doğulmuşam. Yaddaşıma ilişib qalan yeganə xatirələrim-çörək növbələri, ərzaq qıtlığı, bir də döyüşlərdə yaxınlarını itirmiş qadınların ah naləsidir …Çox yaxşı xatırlayıram, atam çiynində un kisəsi daşıyırdı və bizim kimi ailələr ən yaxşı halda qara undan bişmiş çörəklə süfrə aça bilərdi. Bunları deməkdən qətiyyən utanmıram, o illəri görməyən gənclər bilsinlər ki, “siyasi pafosla”, bu gün sosial şəbəkələrdə “vətən, xalq deyənlər” bizim uşaqlığımızı viran etmişdilər.

aygun-eliyeva-bineqedi-rayonu1
Yeniyetməlik, tələbəlik illərimi isə sevinclə xatırlayıram. Mən Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, magistr və ikinci təhsilimi fərqlənmə ilə bitirmişəm. 18 yaşından həm əlaçı təqaüdü, həm rektor təqaüdü almışam və öz ehtiyaclarımı ödəmək üçün işləmişəm. Əvvəlcə özəl təhsil müəssisələrinin birində, daha sonra oxuduğum universitetdə, daha sonra YAP Gənclər Birliyinin Ofisində fəaliyyətimi davam etdirmişəm, eyni zamanda YAP Gənclər Birliyinin ideoloji məsələlər üzrə müavini idim.

İcra Hakimiyyətinə 25 yaşında təyin olunmağım isə yalnız Aygün Əliyeva olaraq mənim qeyri-adi istedadımla bağlı deyildi, onlarla gənclərə və qadınlara yaradılan şəraitin nəticəsi idi. Çünki hal-hazırda ölkəmizin əksər rayonlarında icra başçısı müavinlərindən biri qadındır. Bir də önəmli olan yüksək vəzifədə olmaq deyil, olduğun yerdə ən yaxşısı olmağa çalışmaqdır…

– Bugünki Aygün Əliyeva ən yaxşısıdır?
– Bizim işimizin yaxşı olub-olmamasını xidmət etdiyimiz sakinlərimiz deyə bilər. İnsanın özünün özünə qiymət verməsi təkəbbürlülükdür…

– İş həyatında uğurlu xanımsınız, bəs sevgidə, şəxsi həyatda özünüzü xoşbəxt sayırsınız?

– İnsan ümumiyyətlə özünü dərk edəndən ətrafına yalnız nəcib hisslərlə və ədalətlə yanaşmalıdır.. Valideynlərini, yaşadığın şəhəri, havasıyla böyüdüyün Vətəni və ətrafındakı bütün insanları sevmək lazımdır…Təsir əks təsirə bərabərdir.. Bir sözlə, sevilmək istəyirsənsə, ilk növbədə təmannasız sevməyi bacarmalısan…Şəxsi münasibətlərdə isə sevgidən daha önəmli olan qarşılıqlı hörmət və sədaqətdir…
aygun-eliyeva-bineqedi-rayonu
– Hələ tələbə olarkən, 19 yaşınızda Yeni Azərbaycan Partiyasının 4-cü  Qurultayında gənc bir xanımın Cənab Prezident İlham Əliyevin qarşısında çıxış nitqinizi izləmişdim. Bu fürsət necə yarandı? 

  • Təxminən 13 yaşım olardı. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “Heydər Əliyev ümumilli liderimizdir” mövzusunda inşa yazı müsabiqəsi keçirilirdi. Mən I yer tutdum və çox böyük auditoriya qarşısında çıxış etdim. Bundan sonra müxtəlif olimpiadalarda və müsabiqələrdə onlarla qalibiyyətim oldu. Hələ 18 yaşım tamam olmamış, siyasi seçimimi etdim.. Qurultay ərəfəsində bir neçə gənc çıxış hazırlamışdı, lakin partiya rəhbərliyi böyük etimad göstərərək bu qürurverici vəzifəni mənə həvalə etdi.

– Çıxışınızı özünüz hazırlamışdınız?
– Əlbəttə… Üstündən 11 il keçməsinə baxmayaraq, indi də hər cümləsini xatırlayıram, və həyatımın ən dəyərli dəqiqələri hesab edirəm.

– Sizinlə söhbətimiz 23 İyun Dövlət Qulluqçularının peşə bayramı ərəfəsinə təsadüf edir. Bilmək istərdim ki, dövlət qulluqçusu olmağın mənəvi zövqü nədir?

-İstər dövlət qulluğunda, istərsə də digər peşədə ən mükəmməl duyğu faydalı olmaqdır… Yəqin ki, Siz bəzi insanlar haqqında eşidirsiniz ki,”o mənalı ömrünü xalqı üçün yaşadı”…Hər kəs bu dünyada mövcuddur, lakin az insanlar doğurdan da,”yaşaya bilir”. Yaşamağın mənası isə, həyatdakı missiyanı şərəflə yerinə yetirməkdir…Missiyanın isə böyüyü və ya kiçiyi olmur… Ən kiçik vəzifədə belə, böyük ideallar uğrunda mübarizə apara bilərsən…

– Rəhbər vəzifələrdə qadınlar yoxsa kişilər daha uğurludur? Kim öz missiyasını daha müvəffəqiyyətlə icra edir?

– Dahi Nizami Gəncəvi bu suala 9 əsr bundan əvvəl cavab verib “Aslanın erkəyi, dişisi olmaz”… İnsanın uğurunun səbəbi onun arzuları, milliyyəti, cinsi mənsubluğu ilə deyil, birbaşa potensialı ilə bağlıdır.Azərbaycan qadınının ilk və ən önəmli vəzifə borcu ana kimi cəmiyyət üçün layiqli vətəndaşlar yetişdirməkdir. Həmçinin potensialı imkan verirsə, bilik və bacarığını dövlətimizin inkişafı naminə əsirgəməməlidir. Məncə tarix boyu hər iki missiyanı öz çiyinlərində uğurla daşıyan qadınlarımız çox olub, bu gün də var… Ən dəyərli örnək isə ölkənin I Vitse Prezidenti Mehriban Əliyevadır. Yalnız ölkə daxilində deyil, həm də bütün dünyada – Vatikandan Pakistana kimi, öz qəlbinin səsi ilə Azərbaycan qadınının nəcib missiyasının və fədakarlığının nümunəsidir…

aygun-eliyeva-bineqedi-rayonu4

– Bəzən orta nəslin nümayəndələri gənclərə hər hansı vəzifənin verilməsinin əleyhinə fikirlər səsləndirirlər. Düşünürlər ki, rəhbər vəzifədə yalnız uzun illər idarəçilik keyfiyyətləri olan insanlar təmsil olunmalıdır. Sizcə, təcrübə yoxsa gənclik enerjisi?

– Hər ikisi… Bəzən kiçik bir dəlik böyük bir gəmini okean sularına qərq etdiyi kimi, insanın buraxdığı səhv də illərlə qazandığı hörməti və nüfuzu məhv edə bilər… Əgər hər hansı gəncə etimad göstərilibsə, heç bir halda bu uğur “onun başını gicələndirməməlidir”. Vəzifəsindən asılı olmayaraq hər zaman  təvazökar olmalı,dövlətin mənafeyini şəxsi hisslərindən üstün tutmalıdır.

– Gənclər isə tam əksinə, uzun illər eyni vəzifəni tutmağın doğru olmadığını, daha təcrübəli nəslin onlara qısqanclıqla yanaşdığını iddia edirlər. Siz necə düşünürsüz, bu gün gənc öz karyerasını qurarkən dövlətinə güvənə bilər?

– Əminliklə deyə bilərəm ki, Azərbaycan gənci ilk növbədə “bütün işlərində bizə arxalanan” ölkə başçısı cənab İlham Əliyevə güvənməlidir. Daha sonra isə öz biliyinə,bacarığına,”vicdanlı və qərəzsiz olacağına” dair dövləti qarşısında içdiyi anda sadiqliyinə…İnsan bəzən öz səhvlərinə haqq qazandırmaq üçün bəzən ən doğmalarına belə yalan danışa bilər, lakin öz vicdanına, əqidəsinə əsla….

Müddət məsələsinə gəldikdə isə, “ömrünün qalan hissəsini xalqına bağışlayan” ulu öndərin timsalında dövlətinə xidmətin müddəti yoxdur.. Lakin Onun kimi “mən özümü xoşbəxt hesab edirəm” deyib sağollaşmaq isə yalnız “seçilmişlər”ə nəsib olur…Baku.ws

 

Əvvəlki məqaləBinəqədi rayonunda yeni peşə təhsili mərkəzi açılacaq
Növbəti məqalədəPrezident İlham Əliyevdən yeni təyinatlar – Bu nazirlər vəzifəsindən azad edildi