Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək məqsədilə başlanılmış xeyirxah kampaniyaya dəstək məqsədilə, 27 aprel tarixində Binəqədi rayon ictimaiyyətinin iştirakı ilə qanvermə aksiyası keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, dəvət olunmuş həkim briqadası tərəfindən xeyirxah kampaniyaya qoşulanlar lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib.
Qanvermə aksiyası zamanı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün sosial izolasiya qaydalarına riayət edilib.
Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.
Məlumat üçün bildiririk ki, Heydər Əliyev Fondu talassemiya problemi ilə bağlı ölkədə mühüm tədbirlər, o cümlədən 2005-ci ildən “Talassemiyasız həyat naminə” layihəsini həyata keçirir. Bu sahədə ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksəkixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri, eləcə də tibbi xidmətlə təmin olunması məqsədilə Fondun təşəbbüsü ilə Talassemiya Mərkəzi yaradılıb.
Koronavirus pandemiyasının dünyada sürətlə yayıldığı bir vaxtda bu infeksiyaya daha çox immuniteti zəif olan və qanı normadan aşağı olan insanların daha tez yoluxma ehtimalını və risk qrupuna daxil olduğunu nəzərə alaraq, cəmiyyətin diqqətinin bu sosial məsələyə yönləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Bineqedi.info