Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Binəqədi rayonunda tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensiv olaraq həyata keçirilməsi işləri davam etdirilir.
Bineqedi.info saytı xəbər verir ki, koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən rayon mərkəzində, əsas küçə və ətraf qəsəbələrdə dezinfeksiya işləri aparılır.
Görülən işlər, vətəndaşların sağlamlığına göstərilən bu diqqət və məsuliyyət isə heç şübhəsiz, hər bir rayon sakinin ürəyincədir və onları məmnun edir.
Görülən işlər çərçivəsində rayon ərazisində prospektlərin səkiləri, park və bağların ətraf əraziləri, binaların həyətləri, girişləri, pilləkən qəfəsləri, liftlər və sakinlərin daha çox istifadə etdiyi digər yerlər təsirli kimyəvi vasitələrlə dezinfeksiya olunur.
Bu işlər Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Elmin Zamanovun ciddi nəzarəti ilə sistemli şəkildə, qrafikə uyğun olaraq rayon ərazisində hər gün davam etdirilir.
Birliyin işçi qrupları bütün bu işləri görmələri üçün zəruri avadanlıq və preparatlarla təchiz olunublar.
Məlumat üçün qeyd edək ki, bir müddət öncə Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən Binəqədi rayonunda xüsusi karantin rejiminin qaydalarına uyğun olaraq çölə çıxa bilməyən, yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə, o cümlədən karantin rejimində sosial yardıma ehtiyacı olan aztəminatlı ailələrə ərzaq sovqatları paylanmışdı.
Binəqədi rayonunda COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində görülən işlərin effektivliyini və sistemliliyini təşkil etmək üçün onlayn iclas-müşavirələr də keçirilir.
İclaslarda dezinfeksiya tədbirləri ilə yanaşı, əhalinin maarifləndirilməsi ilə bağlı işlərin davam etdirilməsinin vacibliyi də xüsusi vurğulanır.
Binəqədidə koronavirus pandemiyası ilə mübarizədə indiyədək həyata keçirilmiş maarifləndirmə tədbirləri çərçivəsində sakinlərə koronavirus infeksiyasından qorunma yolları, zəruri gigiyenik tədbirlərlə bağlı məlumat verilməklə yanaşı, onlara tibbi maskalar da paylanıb.
Sakinlərin daha kompakt şəkildə toplaşdığı ünvanlarda, metro stansiyalarının ətrafında və giriş hissələrində, ictimai məkanlarda insanlarla maarifləndirici söhbətlər aparılıb, onlara tibbi maskalardan istifadənin vacibliyi barədə müvafiq məlumatlar verilib.
Binəqədi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi koronavirus infeksiyası ilə mübarizə tədbirləri ilə yanaşı, rayon ərazisində təmizlik işlərini də sistemli, ardıcıl şəkildə, səngimədən davam etdirir.
Belə ki, yaşıllıqlara aqrotexniki qulluq göstərilir, binaların ətrafında təmizlik işləri həyata keçirilir, yaşayış binalarının ətrafında mövcud istirahət parkında oturacaqlar təmir-bərpa olunur, yaşıllıqlar suvarılır, məişət tullantısı konteynerləri profilaktik qaydada yuyulur, cari təmir edilir, rənglənir…
Hikmət Həsənov, Bineqedi.info saytının baş direktoru