“Savadlı və bacarıqlısansa, deməli, daha yaxşı yerdə işləyəcəksən”

0
79
Shemsi Gulverdiyev
Fəaliyyətim ərzində məlum məsələ ilə əlaqədar bir çox vətəndaş müraciəti qəbul etmişəm. Təsəvvür edin, ali təhsili başa vurmuş bir gənc yanında anası və ya nənəsi ilə yaxınlaşıb müraciət edirlər: “Mənim oğlumun (və ya nəvəmin) diplomu var, amma iş tapa bilmir.” Yuxarıda qeyd etdiyim kimi bu ifadə ömrünü çoxdan başa vurub. Əlbəttə ki, bugünkü dövrün tələbi vətəndaşa izah olunur, müvafiq istiqamətlər göstərilir. Anlayan da olur, köhnə fikirdə qalan da. Bu öz yerində. Hətta bir dəfə, “heç yerdə iş yoxdur” deyiləndə iş elanları saytlarından birini açıb göstərərək, axtarılan işçiləri sadalamağa başladım və yüzlərlə iş yerinin olduğunu göstərdim. Ofis işi istəyən həmin gənc bir mənə, bir yanında gətirdiyi adama baxdı və heç birindən anlayışı olmadığını dedi.
Mən iddia etmirəm ki, iş yerləri həddindən çoxdur. Zatən, belə olması anormal haldır. Amma hazırkı iş bazarına baxın: bir tərəfdə çox sayda iş axtaran, digər tərəfdə çox sayda işçi axtaranlar var. Bu da, növbəti bir anormallıqdır. Deməli, problem iş axtaranların göstəricilərinin iş yerlərinin tələblərinə cavab verməməsidir. Köhnə nəslin nümayəndələrindən eşitdiyim məhşur ifadə var. Yəqin siz də eşitmisiniz: “Sovet dövründə fabriklər, zavodlar vardı, hamı gedib işləyirdi. İndi yoxdur, işsizlik çoxalıb.” İndi də istehsal müəssisələri var, ancaq müasir dövrün işçisinə qoyulan tələb o dövrdəki tələblə eyni deyil. O vaxt bir zavodun təqribən 2000 fəhləsi vardı, indi isə fəhlələrin işini görən maşınlar işləyir. Burada bir dünya rəqabəti var. Ölkələr bir-biri ilə yarışır. Dünyanın qabaqcıl texnologiyaları tətbiq olunur və bu texnikalarla işləyə biləcək işçilər lazımdır. Digər yandan, əvvəllər işçi olaraq sənə rəqib olan həmyerlin idisə, hazırda öz ölkəndə tələbə cavab verən işçi tapılmadıqda əcnəbilər dəvət olunur. Deməli, artıq qloqal səviyyədə rəqabətdəsən və yarışmalı olursan.
Hesab edirəm ki, sosializmlə kapitalizim reallığında əsas fərqlərdən biri də məhz budur. Tam sosializmin mövcud olduğu cəmiyyətdə “ali təhsil aldınsa iş yerini təmin etmisən” əminliyi kapitalizmdə – müasir dövrdə tam özünü doğrultmur. Əsas səbəblərdən biri bu idi ki, sosializmdə ali təhsil dövlətin əlində cəmləşmişdi və təqribən iş yerlərinin ehtiyacı qədər qəbul planı vardı. Məntiqi olaraq, plana uyğun iş yeri təyinatı da verilirdi. Müasir dövrdə isə yanaşma başqadır. Bildiyimiz kimi, özəl ali təhsil ocaqları da var və qəbul yerləri olduqca çoxdur. Əlavə olaraq, ölkələrin eyni sistemlə tədris verməsi və bir-birlərinin diplomlarını tanıması təhsil coğrafiyasını daha da artırır. Necə deyərlər: “dünya günü-gündən kiçilir…”. Hər il minlərlə insan qəbul və məzun olur. Deməli, yanaşma budur ki, sən pul ödəyərək təhsil alıb özünə kapital qoyursan və iş bazarında rəqabətə çıxırsan. Daha çox samballı, keyfiyyətli təhsil alıb özündə bilik, savad formalaşdıran şəxs iş bazarındakı rəqabətdən qalib çıxır və işə qəbul olur. Nəticə budur ki, “hər ali təhsil alan mütləq işə qəbul olmalıdır” deyə bir məhfum artıq yoxdur. Bu məqamın üstünlüyü ondadır ki, biliyi və diplomu olanla, sadəcə diplomu olan şəxs seçilir. Müvafiq savada və bacarığa görə müvafiq iş yerinin sahibləri müəyyənləşir. Daha çox savadlı və bacarıqlısansa, deməli, daha yaxşı yerdə işləyəcəksən və bu yuxarıdan aşağıya doğru sıralanır.
“Filankəsin diplomu var, amma iş tapa bilmir” ifadəsinin vaxtı çoxdan keçib. Bu ifadəni siz Avropa ölkəsində eşitmərsiniz. Almaniya, Fransa, İlgiltərə, İtaliya və s. kimi inkişaf etmiş ölkələrdə işəqəbul prosesinin “fəlsəfəsi” çoxdan dərk edilib. Bəlkə Şərqi Avropanın hansısa ölkəsində köhnə təfəkkür qala bilər, o da, çox güman ki, postsovet ölkələrindən biridir.
Yuxarıda təsvir etdiyim vəziyyət onu göstərir ki, ali təhsildə 4 ili “birtəhər” başa vurub diplom alaraq evdəkilərin, qohumların “oğlum (bacoğlu və s.) institut bitirib” eqolarını təmin etməyin, sənin gələcək iş həyatına hazır olmağın demək deyil. Bəli. Sual oluna bilər: “Bəs hazırkı ali təhsil müəsisələri tələbələri gələcək iş həyatına hazırlayırmı?” Bu artıq başqa bir müzakirə obyektidir. Məsələ ondadır ki, gələcək iş həyatına hazırlıq yalnız ali təhsillə təmin edilmir. Yeniyetmə və tələbələrlə görüşdə həmişə vurğuladığım ifadə var: “Bugünkü dövrdə yalnız evdən dərsə və dərsdən evə gedib-gələn tələbə (dövrə cavab verən) tələbə deyildir. Ali təhsil alan gənc həmin təhsil müddətində əlavə olaraq özünü inkişaf etdirməlidir. Necəki, ev zamanla təmirə və yeni avadanlığa ehtiyac duyur və bunun üçün evə kapital qoyursan, hesab edirəm ki, insan da rəqabətədavamlı və yüksəlişdə olması üçün daim özünə kapital qoymalıdır. Təlimlərlə, əlavə məşğuliyyətlə, könüllülük fəaliyyəti ilə və s. Şükürlər olsun ki, bu istiqamətdə ölkəmizdə hər cür şərait var. Hətta dövlət səviyyəsində. Ola bilsin ki, kimsə bu məqamlara önəm verməsin, o səbəbdən ki, güvəndiyi başqa məqamlar var. Düşünürəm ki, onlar özlərinin gələcəyini kor edirlər. O güvəndiyi ilə müvəqqəti nəticə ala bilər amma davamlılığı təmin edə bilməz. İnsanın ən böyük güvəndiyi, zənginliyi bilik, savad və bacarığı olmalıdır.
Bir sözlə, rəqabətə davamlı olmasan çatmaq istədiyin mövqedə özünə ehtiyac yarada bilməzsən.
 
Şəmsi Gülverdiyev
Binəqədi Rayon İcra Hakimiyyəti
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini
Əvvəlki məqaləBu ərazilərdə su olmayacaq
Növbəti məqalədəBinəqədidə yola dağılan maddə zəncirvari qəzaya səbəb oldu – Fotolar