Koronavirusla mübarizədə daha bir dəyərli həkimi itirdik – Fotolar

0
51
hekim-teymur-ceferov

Azərbaycan səhiyyəsi koronavirusla mübarizədə daha bir dəyərli həkimini itirib.

Bineqedi.info saytı qafqazinfo-ya istinadən xəbər verir ki, Aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Mərkəzi Hərbi Hospitalın anestezioloq-reanimatoloqu 39 yaşlı Teymur Cəfərov dünən gecə koronavirusdan dünyasını dəyişib.

Teymur Cəfərov uzun illər Mərkəzi Hərbi Hospitalda anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərib. Cavan olmasına baxmayaraq, istər aprel döyüşlərində, istərsə də, ön cəbhədə ola bilən istənilən anda həm zabit, həm də Hipokrat andına hər zaman sadiq olub. İlk ən öndə gedən insanlar içərisində yer alması ilə, öz professional həyatında, həkimlik peşəsində yüksək intellekti və yüksək bacarığı ilə sayılıb-seçilən insanlardan biri olub. Hər zaman da fəaliyyət göstərdiyi mərkəzin rəhbərliyi tərəfindən təqdir olunan və hamı tərəfindən sevilən bir insan olub.

Əfsuslar olsun ki, koronavirus xəstələrinin müalicəsi ilə məşğul olarkən Teymur Cəfərov özü də xəstələndi və uzun müddət müalicələrə baxmayaraq dinamikasında müsbət gediş olmayınca təxminən 2 həftə əvvəl EKMO cihazına qoşulma qərarı verildi və həmin cihaz vasitəsilə hemodinamik stabillik saxlanıldı. Mərkəzi Hərbi Hospitalda bu prosedurdan sonra araşdırmalar aparılıb və bəlli oldu ki, Teymur Cəfərovda daha iki fərqli problem olub. Bunlardan biri ürək ətrafında böyük ehtimal ürəyin tutulmasına bağlı, digəri isə yuxarı tənəffüs yolu infeksiyasının ciddiləşməsinə bağlı problem idi. Bu mərhələdən sonra Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən bütün görülə biləcək tibbi imkanlar səfərbər olunmuşdu.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəşad Mahmudov saytımıza açıqlamasında bildirib ki, 3 dəfə fərqli zamanlarda ürək ətrafında olan infeksiyaların və Covid-ə bağlı əmələ gəlmiş mediastenitin mübarizəsi üçün  Teymur Cəfərov əməliyyat olundu.

“Əməliyyatlar uğurlu keçsə də, əfsuslar olsun ki, superinfeksiya immun sistemini zəiflədərək septik şok vəziyyəti əmələ gəldi. Septik şokla aparılan mübarizəyə baxmayaraq Teymur həkimi bu gecə itirdik”.

R.Mahmudovun sözlərinə görə, T.Cəfərovun sağalması üçün tibbin bütün imkanlarından istifadə olunmuşdu:

“Bir həkim, səhiyyə eksperti kimi, birbaşa olaraq Teymur həkimin müalicə gedişatında xüsusi ilə EKMO taxılmasında requlyator rolunu oynayan insan kimi onu deyə bilərəm ki, geriyə baxdığımız zaman Azərbaycan dövləti, səhiyyəsi, ona xidmət edən həkim və orta tibb personalına qədər hər kəsin könlü rahatdır. Çünki Azərbaycan tibbi, səhiyyəçiləri Teymur Cəfərovun qarşısında olan vəzifələrini şərəflə yerinə yetirdilər. Hər nə qədər nəticədə məglub olsaqda, onun ruhu qarşısında Azərbaycan səhiyyəsi də, Mehriban xanımın timsalında bütün hökumət üzvləri də, hamımız öz vəzifə borcumuzu yerinə yetirdik. Bütün imkanlardan istifadə olundu. Texniki olaraq dünyanın ən inkişaf etmiş ölkələrində həyata keçirilən prosedurlar həyata keçirildi, ancaq təəssüf ki,..”.

Qeyd edək ki, Teymur Cəfərovun ölümü həm  həmkarlarının, həm də ictimaiyyət nümayəndələrinin dərin hüznünə səbəb olub. Onlar Teymur Cəfərovun ölümü ilə bağlı sosial şəbəkələrdə paylaşımlar edərək başsağlığı veriblər.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Otorinolarinqologiya bölməsinin rəisi,  Silahlı Qüvvələrin Baş otorinolarinqoloqu Elnur Əkbərov Teymur Cəfərovun ölümü ilə bağlı dərin kədər hissi keçirdiyini ifadə edib: “Çətin peşəsinə baxmayaraq hər zaman özünü pozitiv göstərən, ən çətin pasiyentlərlə çəkinmədən işləyən və gözəl nəticələr əldə edən İnsan və Peşəkar-Allah sənə rəhmət etsin!”.

Əvvəlki məqaləAzərbaycanda Qurban bayramı qeyd olunur
Növbəti məqalədəBinəqədidə xeyriyyə tədbiri – Şəhid ailələrindən olan uşaqlar sünnət olundular