Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri başa çatdıqdan sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərin suallarını cavablandırıb.
“Azərbaycana tarixi səfər etdik. Qarabağ zəfəri Türkiyə ilə Azərbaycan münasibətlərinin tarixində dönüş nöqtəsi oldu”.
Bineqedi.info xəbər verir ki, Türkiyə Prezidenti jurnalistlərin Rusiya sülhməramlı qüvvələri ilə bağlı sualına cavabında deyib: “Bildiyiniz kimi, bizim onsuz da Azərbaycanla hərbi təhsil-təlimlə bağlı anlaşmamız var. Anlaşma parlament tərəfindən qəbul olunub. Bu anlaşma aramızdakı həmrəyliyi çox daha fərqli bir platformaya daşıyacaq”.
Bununla bağlı məsələni Rusiya Prezidenti Vladimir Putinlə müzakirə etdiyini vurğulayan Ərdoğanın sözlərinə görə, onsuz da azərbaycanlı hərbçilər daha əvvəl Türkiyəyə gəlib təhsil-təlim alıblar və yenə alacaqlar: “Bizim aramızda kəşfiyyat və s. digər sahələrdə əməkdaşlıq var. İnşallah, Azərbaycan Türkiyəsiz olmayacaq və bu həmrəyliyimiz hər sahədə davam edəcək. Azərbaycanla siyasi, hərbi, iqtisadi, mədəni, diplomatiya, hər sahədə bu əməkdaşlığı davam etdirəcəyik”.
Ərdoğan Qarabağın zəfəri ilə nəticələnən 44 günlük mübarizə ərzində Türkiyənin anbaan Azərbaycanın yanında olduğunu bir daha bəyan edib:
“Prosesi şəxsən özüm tez-tez izləmişəm. Başda xarici işlər naziri, milli müdafiə naziri və Milli Kəşfiyyat Təşkilatının başçısı olmaqla bütün dostlarım mütəmadi əlaqədə idilər. Bundan əlavə, digər heyətlərimizin oraya gediş və gəlişləri ilə prosesi yaxından izlədik. Qardaşım İlham Əliyevlə daim telefon danışıqlarımız oldu. Dostlarımız davamlı olaraq cəbhədə və masada mübarizə apardılar. Bu 44 günün pərdə arxasının yazılacağına əminəm. Zaman bunun ciddi şahidi olacaqdır”.
Ərdoğan Qarabağ zəfəri ilə Qafqaz tarixinin yeni bir səhifəsinin açılmasına diqqət çəkib:
“İnanıram ki, bundan sonra bölgənin tarixi yeni bir istiqamətdə formalaşacaq. Üzərində çalışdığımız altılı platforma hər kəs üçün qazanc qazanma imkanları təmin edəcək bir təşəbbüsdür. Ermənistan da bu prosesə qatılıb müsbət addımlar atarsa, Türkiyə-Ermənistan münasibətlərində yeni bir səhifə açıla bilər. Yeni imkanlar yarandığı təqdirdə, şübhəsiz ki, Ermənistanın qazancı burada xeyli artacaq. Bundan ən çox qazanan Ermənistan olacaq”.
Türkiyə Prezidenti qeyd edib ki, Azərbaycana səfəri zamanı ikitərəfli münasibətlər də müzakirə edilib və beş müqavilə imzalanıb:
“Əlaqələrimizi bundan sonra da davam etdirəcəyik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə “BMC AZ” şirkəti arasında Anlaşma Protokolu, “BMC Otomativ Sənaye və Ticarət” şirkəti ilə Bakı Nəqliyyat Agentliyi arasında Anlaşma Protokolu, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Türkiyə Respublikasının Prezidenti yanında İnvestisiya Ofisi arasında Anlaşma Memorandumu, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb”.
O bildirib ki, hər iki ölkə arasında vizasız gediş-gəlişlə bağlı razılığa da gəlinib.
Bineqedi.info