Binəqədidə həyat yoldaşını bıçaqlayan şəxsin CİNAYƏT İŞİ – Təfərrüat

0
63
bineqedi-birinci-meden

Bakının Binəqədi rayounda arvadını bıçaqlamaqda ittiham olunan 1986-cı il təvəllüdlü Neftçala rayon sakini Amil Qafarinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bineqedi.info saytı teleqraf.com-a istinadən bildirir ki, Amil Qafari 2 iyul 2019-cu il tarixdə saat 2 radələrində Binəqədidəki 1-ci Mədən yaşayış massivində arvadı Ülviyyə Qafarinin mobil telefonla “İnstaqram” sosial şəbəkəsində başqa şəxsə mesaj yazmasından narazı qalıb.

Buna görə, arvadına əvvəlcə irad tutub. Sonra 2013-cü il təvəllüdlü oğlu və 2011-ci il təvəllüdlü qızının gözü qarşısında Ülviyyəyə bıçaq zərbələri vurub.

Qadın evdən çıxaraq, kömək üçün küçəyə qaçıb. Amil Ülviyyənin arxasından düşərək evin qarşısında ona daha bir neçə zərbə vurub.

İstintaq orqanı tərəfindən Amil Qafarinin barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa zərərvurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə), 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amil Qafari bildirib ki, 2010-cu ildə Ülviyyə ilə ailə həyatı qurub: “Ailəmlə birlikdə Xəzər rayonu Şağan qəsəbəsində yaşayırdım. Əvvəllər çevik polis alayında işləyirdim.

Bir müddət sonra Ülviyyə uşaqları ilə anasının Binəqədi qəsəbəsində yaşadığı evə köçdü. Ondan şübhələnirdim ki, məni aldadır, amma əlimdə sübut yox idi. Şübhələrim barədə heç nə demirdim. Yaqub adında tanışım mənə demişdi ki, səni özümlə Rusiyaya aparım, orada işləyək və bir müddət sonra yenidən qayıdarsan. Mən də düşündüm ki, Rusiyaya getsəm, uşaqlarımı görə bilməyəcəm. 7-8 ay idi ki, uşaqlarımı görmürdüm”.

Təqsirləndirilən şəxs qeyd edib ki, uşaqlarını görmək məqsədilə iyulun 2-də Ülviyyənin anasının yaşadığı evə gəlib: “İçəri girdim, həyətdə usta işləyirdi. Otağa keçəndə gördüm ki, uşaqlar yatıb. Onları oyatdım, üz-gözlərindən öpdüm. Ülviyyə mənim nömrəmi “qara siyahı”ya saldığı üçün ona zəng edib, uşaqlarımın səsini eşidə bilmirdim. Oğlum İbrahimə anasının telefonunu gətirməyi dedim. İbrahim telefonu gətirərfək mənə verdi.

Telefona baxarkən Ülviyyənin yazışmalarını və həmin yazışmaların arxasınca daha bir neçə pis şeylər gördüm. Telefonu kənara qoydum, Ülviyyənin anası Balaxanıma dedim ki, gül kimi ailəmi namusla saxlayırdım, niyə ailəmi dağıtdın. Ülviyyə içəridə qışqıraraq çölə qaçdığı üçün onun arxasınca çıxdım. Qapının qarşısında Ülviyyəni tutdum və bıçaqla vurdum. Balaxanımın binanın tini ilə qışqıra-qışqıra gəldiyini gördüm. Qonşuların səsə toplaşmasından utandığım üçün oradan uzaqlaşdım”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, sonra könüllü olaraq Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsinə gəlib və arvadı Ülviyyəni bıçaqlaması barədə məlumt verib.

Zərərçəkmiş şəxs qismində ifadə verən Ülviyə Qafari bildirib ki, 2010-cu ildən Amil Qafari ilə ailə qurub: “Amillə normal ailə həyatım olmayıb. Amil əvvəllər polisdə çalışırdı, əxlaqsız hərəkətlərinə görə polis sıralarından uzaqlaşdırıldı. İşdən uzaqlaşdırıldıqdan sonra daha dözülməz oldu. Amilin anasına deyirdim ki, oğlun evə gəlmir, tüfeyli həyat yaşayır. Amilin anası da oğlunun bu hərəkətlərinə reaksiya vermirdi.

Bir müddət sonra “Banditizim” Amili tutdu, oradan çıxdıqdan sonra yenidən tüfeyli həyat yaşadı. Onun telefonunda bir qadınla şəklini görmüşdüm. Həmin şəkili gördükdən sonra Amilə dedim ki, səndən ayrılacam. Boşanmaq üçün ərizə verdim, sonra Amil gələrək pəncərələrimin şüşələrini qırdı. Bir müddət sonra mənə yalvardı ki, onu bağışlayım, ailəmi dağıtmamaq üçün onunla barışım.

Uşaqlarımla çox pis şəraitli evdə yaşayırdım. Həmin ev acınacaqlı vəziyyətdə idi. Amilin anasına və atasına evimizin vəziyyəti haqda dedim, kömək istəsəm də, əhəmiyyət vermədilər”.

Ülviyyə Qafarinin sözlərinə görə, Amil evdə uşaqlarının yanında narkotik vasitədən istifadə edib: “Soyuducuda saxladığı qara saqqıza bənzər maddəni çaya qataraq içirdi deyə daha da aqressiv olurdu. Oğlum Amilə “ata, hamının atası işləyir, sən niyə işləmirsən” dedi. Amil uşağın bu sözünə acıqlandı, İbrahimi başının üstünə qaldırıb yerə vurdu. Amilə “uşaqdır heç nə başa düşmür, niyə elə vurursan” dedim”.

Ülviyyə Qafari daha sonra ifadəsində uşaqları ilə birlikdə anası evinə köçməsindən və baş verən hadisədən danışıb: “Anam Balaxanımgildə usta işlədiyindən evin qapıları örtülü idi. Gözləmədiyimiz anda Amil qapını açaraq içəri girdi, uşaqları görməyə gəldiyini dedi. Uşaqlar yuxudan oyatdı, öpdü. Sonra evin ortasında oturdu, günəbaxan tumu yeyərək qabığını evə tökməyə başladı. Mən isə Amilə iradımı bildirdim ki, bura evdir, zibillik deyil, niyə evi batırırsan?

Amil oğlum İbrahimə dedi ki, get, ananın telefonunu zaryatkaya qoyduğu yerdən gətir. Otaqlarda usta işlədiyi üçün uşaq telefonu gətirə bilmədi. Amil özü gedib telefonu götürdü. Telefonda paltar bəyəndiyim instaqram səhifəsindən mesajları başqa cür oxudu ki, guya kiməsə sevgidən yazmışam. Telefonu yerə qoydu, anama dedi ki, ailəmi sən dağıtdın. Əlində bıçağı fırlayadaraq dedi ki, Balaxanım, sənin qızını öldürəcəm.

Amil anamın üzərinə hücum çəkdi. Anamın qarşısına keçərkən məni vurdu. Çölə qaçdım. Qaçarkən hiss etdim ki, bədənimdən qan axır. Amil arxamca gələrək küçədə mənə bir neçə bıçaq zərbəsi vurdu. Sonra dayanıb ölümümü gözləməyə başladı. Səs-küyə qonşular gəldi. Bu səbəbdən Amil hadisə yerindən uzaqlaşdı. Mən qonşular xəstəxanaya apardılar”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baxılıb.

Məhkəmənin hökmü ilə Amil Qafari 7 il müddətinə azadlıqdan məhrum edilib.

Əvvəlki məqaləARB-nin efirində TƏBİB sərt tənqid edildi – Video
Növbəti məqalədəPrezident Vətən müharibəsinin Binəqədi rayonundan olan bu igidlərini təltif etdi – SİYAHI