“Yay məktəbi”nin iştirakçılarının Lerik rayonu ilə tanışlığı

0
80

Yeni Azərbaycan Partiyasının təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu çərçivəsində gənclərinin iyul ayının 17-də Lerik rayonu ilə tanışlığı oldu. Lerik rayonu mərkəzində Şəhidlər Kompleksini ziyarət edən gənclərə məlumat verildi ki, ErmənistanAzərbaycan Dağlıq Qarabağ münaqişəsində Lerik rayonu 140 şəhid verib. Onların 5-i şücaətlərinə görə Milli Qəhrəman adına layiq görülüblər.

Azərbaycanın ilk milli qəhrəmanları sırasında da leriklilərin adı var. Rayonda hazırda 80 nəfər Qarabağ əlili var. Sonra rayon mərkəzində ümummilli liderimiz Heydər Əliyevin ucaldılmış abidəsini ziyarət edən gənclər Ulu Öndərin əziz xatirəsini ehtiramla andı, abidəsi önünə gül düzdülər. Gənclərin dünyada analoqu olmayan Uzunömürlülər muzeyi ilə tanışlığı isə böyük marağa səbəb oldu.

Gənclərə məlumat verildi ki, muzey 1991-ci ildən fəaliyyət göstərir. Dünyada yeganə olan bu mədəniyyət ocağının binası müasir memarlıq elementlərindən istifadə edilməklə 2010-cu ildə inşa olunub. Həmin il iyunun 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə muzeyin yeni binasının açılışı olub.

Bildirildi ki, rayonda vaxtilə 500 nəfərdən çox uzunömürlü yaşayıb. Hazırda iki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 50-dən çox lerikli haqqında 2 mindən çox eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər yer alıb. Buradakı 40-dək fotoşəkilin müəllifi olan fransız fotoqrafı Fredrik Laşop həmin əsərləri Parisdə təşkil olunmuş “Uzunömürlülər diyarına səyahət” sərgisində nümayiş etdirib.

Sonra bu fotolar Fransanın ölkəmizdəki səfirliyi tərəfindən Lerikə gətirilərək Uzunömürlülər muzeyinə hədiyyə olunub. Vurğulandı ki, Uzunömürlülər Muzeyində yaşlı insanların şəkilləri asılmaqla, həm də onlara məxsus olan etnoqrafik materiallar, yaşadıqları dövrə aid tarixi əşyalar, kənd təsərrüfatında işlətdiyi alətlər, əl işləri də nümayiş etdirilir.

Daha sonra gənclər Bayraq Muzeyi ilə tanış oldular. Onlara məlumat verildi ki, Bayraq Muzeyi və hündürlüyü 36 metr olan bayraq dirəyinin yerləşdiyi Dövlət Bayrağı Kompleksi Lerik şəhərinin mərkəzində, ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanın ərazisində yerləşir. Bayraq Muzeyinin Prezident İlham Əliyevin iştirakı ilə 2018-ci ilin oktyabr ayının 15- də açılışı olub. Bildirildi ki, muzeyin ümumi sahəsi 1200 kvadratmetr olan binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar nümayiş olunur. Ümumiyyətlə, bölgələrdə Bayraq muzeylərinin və Bayraq meydanlarının yaradılması Azərbaycanın dövlət atributlarına ən yüksək səviyyədə göstərilən diqqətin bariz nümunəsidir. Belə muzeylərin yaradılması dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda, əsl vətənpərvər kimi tərbiyə olunmasına mühüm töhfə verir.

Bununla yanaşı, bu işlər həm də Azərbaycan dövlətinin müstəqilliyini əks etdirən və hər bir vətəndaş üçün müqəddəs olan üçrəngli bayrağımıza göstərilən hörmət və ehtiramın təcəssümüdür. İndi Azərbaycan bayrağı ən nüfuzlu beynəlxalq təşkilatlar və mötəbər məclislərdə qürurla dalğalanır, dövlətimizi şərəflə təmsil edir. Bayraq Muzeyi ilə tanışlıqdan sonra gənclər Heydər Əliyev Mərkəzində oldular. Mərkəzlə tanış olan gənclərə məlumat verildi ki, mərkəz 25 iyun 2010-cu il tarixində Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Ümumi sahəsi 420 kvadratmetr olan mərkəzin 360 kvadratmetrində ekspozisiya zalı yerləşir ki, bu zaldan həm də konfrans salonu kimi istifadə olunur. Binanın 25 kvadratmetrində kitabxana fəaliyyət göstərir, 35 kvadratmetrində isə inzibati və yardımçı otaqlar yerləşir. Mərkəzin ekspozisiya zalında ümummilli liderimiz Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən 138 fotoşəkil, 49 sənəd və 1 büst nümayiş etdirilir. Ekspozisiya zalının bir bölməsi Prezident İlham Əliyevin Lerikə tarixi səfərləri barədə məlumat verir. Gənclər daha sonra Lerik rayon Tarix-diyarşünaslıq muzeyi ilə tanış oldular.

Gənclərə Muzeyin tarixi və burada saxlanılan eksponatlar barədə məlumat verdi. Bildirildi ki, Lerik Azərbaycanın qədim tarixə malik bölgələrindəndir. Tarix-diyarşünaslıq muzeyinin binası ümummilli liderimiz Heydər Əliyevin göstərişi ilə ötən əsrin 80-ci illərində tikilib. 5 bölmədən ibarət muzeydə 4 min eksponat nümayiş etdirilir. Onların arasında eramızdan əvvəl XIV-XII əsrlərə aid tunc xəncərlər, ox ucluqları, amuletlər və s. maddi mədəniyyət nümunələri var. Muzeydə müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevə həsr olunmuş xüsusi bölmə yaradılıb. Vətən uğrunda döyüşlərdə həlak olmuş lerikli şəhidlərə – beş Milli Qəhrəmana həsr olunmuş guşələr də var. Gənclər muzeylə yaxından tanış oldular, burada saxlanılan eksponatların rayonun qədim tarixini əks etdirən nümunələr kimi qiymətli olduğunu vurğuladılar. Rayonla tanışlığı başa vuran gənclər günün ikinci yarısında “Yaradıcı gənclərin inkişafına dövlət dəstəyi” mövzusunda təlimdə iştirak etdilər.

Çıxış edən YAP Gənclər Birliyi Ofisinin koordinatoru Elmar Məmmədov təlimin mövzusu və faydaları barədə məlumat verdi. Sonra təlimin moderatoru YAP Binəqədi rayon təşkilatının baş təlimatçısı Kübra Əliyarlı yaradıcı gənclərə göstərilən dövlət qayğısından bəhs etdi. Sonda gənclərin sualları cavablandırıldı. Tanışlıq və təlimlərdən sonra gənclər arasında müxtəlif idman yarışları, yaradıcı müsabiqələr keçirildi. Günə interaktiv, intellektual, praktik oyunlarla yekun vuruldu.

Qeyd edək ki, “Yay məktəbi”nin hər bir günü gənclərin həyatında müxtəlifliyi ilə diqqət çəkir. Gənclər həmin gün çərçivəsində təşkil olunan seminarlar, diskussiyalar zamanı öz biliklərini artırır, bir-birləri ilə ünsiyyət əsasında həm dostluq əlaqələrinin qurulmasına, həm də biliklərinin mübadiləsinə nail olurlar. Gənclər üçün həm təcrübə, həm də biliklərin mübadiləsinə yardımçı olan “Yay məktəbi” davam edir.

Əvvəlki məqaləAzərbayycanda süni intellekt vasitəsilə onkoloji xəstələr müəyyən ediləcək – YENİ METOD
Növbəti məqalədəƏhməd Rəcəbli küçəsində iri qabaritli tullantılar daşınaraq ərazi təmizlənir – Fotolar