Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən bu ilin fevral-mart aylarında Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində orta məktəblərdə sağlamlığın qorunması ilə bağlı məlumatlılığın artırılması məqsədi ilə sorğu keçiriləcək.
Bineqedi.info saytı xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilir ki, şagirdlər və məktəb kollektivi arasında keçirilən sorğu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri tərəfindən tərtib olunan xüsusi anket vasitəsilə aparılacaq. Sorğu məktəb mühitini sağlamlaşdırmaq, şagirdlər və məktəb kollektivi arasında sağlam həyat tərzini təbliğ və təşviq etmək məqsədi daşıyır.
Ölkə üzrə 9 iqtisadi rayonu əhatə etməklə, Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilən 25 məktəbdə aparılacaq sorğu ÜST tərəfindən dəstəklənən “Sağlamlığı təşviq edən məktəblər” (School Health Education) layihəsi çərçivəsində həyata keçiriləcək. Bu sırada yer alan təhsil müəssisələri arasında yeganə inklüziv məktəb olan Bakı şəhəri 202 saylı tam orta məktəbdən başlayaraq sorğuya artıq start verilib, şagirdlərin və kollektivin sorğuda fəal iştirakı müşahidə edilib.