Ölkəmizdə davamlı iqtisadi inkişafın təmin edilməsi Azərbaycan hökumətinin qarşıya qoyduğu və çox böyük müvəffəqiyyətlə həyata keçirdiyi mühüm prioritetlərdən biridir.
Bəlli olduğu kimi, bu, ölkə iqtisadiyyatının hərtərəfli, şaxələndirilmiş şəkildə inkişafını nəzərdə tutur. İqtisadiyyatın inkişafında idarəetmə infrastrukturunun təkmilləşdirilməsi, maddi-texniki bazanın müasirləşdirilməsi də çox mühüm rola malikdir. 28 may tarixində Prezident İlham Əliyevin iştirakı ilə İqtisadiyyat Nazirliyinin yeni binasının açılışı oldu. İqtisadiyyat Nazirliyinin yeni binasının memarlıq üslubu, texniki təchizatı və ultra-müasir konsepti əslində ölkəmizin iqtisadiyyat sahəsindəki iddia və potensialından xəbər verir.
Hakimiyyətin düşünülmüş siyasəti nəticəsində Azərbaycan həm iqtisadi, həm siyasi cəhətdən sabit və təhlükəsiz bir məkana çevrilmişdir. Azərbaycanda formalaşan və artıq beynəlxalq güclər tərəfindən də qəbul edilən davamlı, dayanıqlı iqtisadi inkişaf modelinin əsas gücü ondadır ki, xalq onu bəyənir və dəstəkləyir. Bu modelin reallaşdırılması nəticəsində ölkəmiz güclü dövlətə çevrilmişdir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün iqtisadi və siyasi islahatlar nəticəsində Azərbaycan beynəlxalq kürsülərdə öz sözünü deyir, müstəqil siyasət aparır və maraqlarını qoruya bilir. Bu gün Azərbaycan və Türkiyə arasında da müxtəlif sahələr üzrə təsis edilmiş bir sıra birgə mexanizmlər fəaliyyət göstərməkdədir. Azərbaycan-Türkiyə iqtisadi əlaqələri ulu öndər Heydər Əliyevin vurğuladığı “bir millət, iki dövlət” devizinə və tarixi-mədəni qardaşlıq prinsipinə əsaslanan, strateji tərəfdaşlığa söykənən münasibətlər sistemini əhatə edir. Türkiyə Respublikası ilə iqtisadi əlaqələrimiz dərin tarixi köklərə dayansa da, bu münasibətlərin geniş vüsət alması müstəqilliyimizin qazanılmasından sonrakı dövrə təsadüf edir. Türkiyə ilə iqtisadi münasibətlər müxtəlif sahələri əhatə edir. İlbəil genişlənən iqtisadi münasibətlər artıq yeni mərhələnin başlamasından xəbər verir. Son dövrlər Azərbaycan və Türkiyə iqtisadiyyatının dinamik inkişaf etməsi özünü bu ölkələr arasında mövcud olan ticarət dövriyyəsinin yüksəlməsində, qarşılıqlı investisiya qoyuluşlarının həcminin artmasında, sahibkarlıq subyektlərinin fəaliyyətinin genişlənməsində və digər sahələrdə açıq şəkildə göstərməkdədir.
“İkinci Qarabağ Müharibəsindən sonra biz yeni bir dəhliz – Zəngəzur dəhlizi üzərində çalışırıq. Artıq beynəlxalq müstəvidə də bunun adı məhz Zəngəzur dəhlizi kimi təsbit edildi. Bu da Türkiyə ilə Azərbaycan arasında yeni bir bağlantını təmin edəcək”. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da Türkiyənin nəqliyyat və infrastruktur nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirmişdir. Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir.
Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu daha da möhkəmləndirəcəkdir. Prezident İlham Əliyevin xalqına ləyaqətlə, şərəflə xidmət etməyi ölkəmizi işıqlı gələcəyə doğru aparır. Çünki Azərbaycanın uğurlu gələcəyinin təminatçısı məhz İlham Əliyevdir.
Akif Rəfiyev,
Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar hüquqşünas