Binəqədidə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

0
65

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “15 İyun- Milli Qurtuluş Günü”nə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı tədbir tədbir keçirildi.

Bineqedi.info-ya verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, fəalları və Binəqədi rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov bildirdi ki, xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri də Milli Qurtuluş Günüdür. 1993-cü ilin iyun ayında Ulu Öndər Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının möhkəm mübarizəsinin tarixidir. Bu gün Azərbaycan dünyanın döyünən ürəyinə, mərkəzinə çevrilən bir ölkə kimi beynəlxalq aləmdə də öz qətiyyətli sözünü deməkdədir. Çünki ümummilli lider Heydər Əliyev ideyaları sarsılmaz, dönməzdir və bu ideyaları başda dövlət başçımız İlham Əliyev olmaqla, bütün xalqımız yaşadır. Bizlər də bu faktoru əsas götürərək Azərbaycanımızın çiçəklənməsi naminə Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı cənab İlham Əliyevin ətrafında daha da sıx birləşmişik. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.
Bakı şəhəri üzrə Təhsil İdarəsində müdir müavini, professor, əməkdar müəllim Hüseyn Əsgərov çıxış edərək bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident cənab İlham Əliyevin dövlətimizin müstəqilliyinin qorunmasında və daha da möhkəmlənməsində, eləcə də 44 günlük Vətən müharibəsində ərazi bütövlüyümüzün təmin olunması və şanlı tariximizin yazılmasından bəhs etdi.
Binəqədi rayonu 3 saylı orta məktəbin 8-ci sinif şagirdi Leyla Məlikova və Binəqədi rayonu 179 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Aysun Əsgərova tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda və Ulu Öndərə həsr olunmuş şeirlər səsləndirdilər.
Tədbirdə yekun nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirdi ki, bu gün ölkəmizdə hər bir tarixi günü Ali Baş Komandanımız İlham Əliyevin “Dəmir yumruq” siyasətinin gücü ilə rəşadətli ordumuzun, əsgər və zabitlərimizin igidliyi ilə Qarabağı işğaldan azad etməsi sevinci ilə qeyd edirik. Bu qələbə “Dəmir yumruq” siyasətinin qələbəsi, xalqımızın müstəqillik arzularının gerçəkləşməsi idi. Bu yol – 15 iyun 1993-cü il Ümummilli lider Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı ilə xalqımızın, dövlətimizin xilas olmaq yolunun daha möhkəm olmasını davam etdirən Ali Baş Komandanımızın Qarabağı özümüzə qaytarmasının Milli Qurtuluşdan başlanılan yolu idi. Bu yol Azərbaycan xalqının, ilk növbədə, dövlətçiliyini itirməkdən xilas olduğu yol idi. 28 il əvvəl uçuruma gedən xalqın əlindən Ulu öndər Heydər Əliyev tutdu. Dahi öndər Heydər Əliyevin ikinci dəfə – 1993-cü ilin 15 iyun tarixində siyasi hakimiyyətə gəlişi, nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi, həm də müstəqil dövlətçiliyimizi parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdi. Ulu öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə böyük hərflərlə həkk olunub. Heydər Əliyev Azərbaycanı yüksəldən, onu tanıtdıran, inkişaf etdirən lider kimi hər birimizin qəlbində əbədiyyətə qədər yaşayacaqdır. Ulu öndər Heydər Əliyevin siyasətinin davamçısı cənab İlham Əliyevin uğurlu diplomatik siyasəti ilə Azərbaycan güclü iqtisadiyyata malik olan dövlətə çevrilib. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi və 30 ilə yaxın zaman müddətində həll olunmayan Dağlıq Qarabağ probleminin 44 gün ərzində həll olunması, Qarabağın işğaldan azad edilməsi ilə 2020-ci il tariximizə qələbə ili kimi yazıldı.
Tədbirin sonunda YAP Binəqədi rayon təşkilatının və Binəqədi rayonunun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs Fəxri Fərmanla təltif edildi.
Bineqedi.info

Əvvəlki məqaləBinəqədidə fəaliyyət göstərən tibb müəssisələrində vaksinasiya prosesi uğurla davam edir
Növbəti məqalədəBinəqədidə “Son zəng” gününə həsr edilmiş onlayn tədbir keçirilib