Strateji tərəfdaşlıq

0
43

Azərbaycan Respublikası beynəlxalq təşkilatların işində fəal iştirak edərək milli maraqlarını qlobal siyasətdə müdafiə edir. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılımş xarici siyasət xətti yürüdən rəsmi Bakı bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Azərbaycanın belə əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri də Avropa İttifaqıdır (Aİ).

Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdir. Avropa İttifaqı tərəfindən irəli sürülmüş Vahid Avropa Birliyi formulu Azərbaycan üçün çox önəmlidir. Bu model region dövlətlərlə nüfuzlu qurum arasında əməkdaşlığın ən müxtəlif istiqamətlərdə möhkəmləndirilməsinə yönəlib. Təşkilatla 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətlər son 28 ildə qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etmişdir.
Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Rəsmi Bakı Avropa İttifaqı ilə bir sıra hüquqi sazişlər imzalamaqla azad bazar iqtisadiyyatının tam bərqərar olması, insan hüquqlarına və milli azlıqların hüquqlarına riayət edilməsi məsələlərinə dair təşkilata nəzarət-yoxlama səlahiyyətləri vermiş, əvəzində qurumdan ölkəmizə qarşı hər hansı diskriminasiya xarakterli qərarın qəbul olunmayacağına təminat almışdır.
1996-cı ildə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq və əməkdaşlıq haqqında” sazişin imzalanması ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından da vacib əhəmiyyət daşımışdır. Saziş çərçivəsində Avropa Birliyinin Azərbaycanda bazar münasibətlərinin inkişaf etdirilməsi məqsədilə bəzi struktur islahatlarının aparılmasına, özəlləşdirmə proqramına, infrastruktur layihələrinin reallaşmasına maddi və texniki yardımları nəzərdə tutulmuşdur. Təkcə bu proqram çərçivəsində birlik Azərbaycana 100 milyon avrodan çox vəsait ayırmışdır. Həmin sazişin bəzi maddələri Azərbaycan Respublikasının Milli Məclisi ilə Avropa Parlamenti arasında əməkdaşlığı nəzərdə tutur və ötən müddətdə bu sahədə də uğurlu işlər görülmüşdür. Tərəflər Parlament Əməkdaşlığı Komitəsinin yaradılması və fəaliyyət mexanizmləri barədə də razılığa gəlmişlər.
Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşıdır. Azərbaycan həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır.
2006-cı ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu müvafiq sahədə ikitərəfli əməkdaşlığın bünövrəsini qoymuşdur. Sözügedən Memorandum 4 əməkdaşlıq sahəsini müəyyənləşdirmişdir: qanunvericiliyin uyğunlaşdırılması, təchizat və tranzit sistemlərinin gücləndirilməsi, enerji səmərəliliyi, texniki əməkdaşlıq və təcrübə mübadiləsi.
Azərbaycan-Aİ enerji əməkdaşlığı sadəcə Anlaşma Memorandumu ilə məhdudlaşmır. 2011-ci ilin yanvar ayında Avropa Komissiyasının sabiq prezidenti Xose Manuel Barrozu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhərində Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzalamışdır. Cənub Qaz Dəhlizi Xəzər dənizi, Mərkəzi Asiya və Orta Şərq qaz resurslarını Avropa bazarına gətirə biləcək və Aİ-nin enerji təhlükəsizliyinin şaxələndirilməsində rol oynayan strateji təşəbbüsdür. Xəzər hövzəsindən, xüsusən Şah Dəniz-2 yatağından təbii qazın nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin infrastrukturu Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Trans-Anadolu və Trans-Adriatik boru xəttinin inşasını əhatə edir. Nəticə etibarı ilə Azərbaycan qazı Gürcüstan və Türkiyə üzərindən Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırırır. Nəhəng Şah Dəniz-2 yatağı ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr Avropa ölkələrinə isə 10 milyard kubmetr qaz nəql edir.
18 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə mətbuat konfransı keçiriblər.Prezident İlham Əliyev qeyd edib ki, Avropa İttifaqı bizimlə yaxın strateji tərəfdaşdır.
Həmçinin qeyd edildi ki, enerji təhlükəsizliyinin təmin olunması əməkdaşlığın əsas istiqamətlərindən biridir. Enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması qeyd olunmalıdır. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq.
Nəhəng nəqliyyat infrastruktur layihələri Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verir. İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar yaranıb və bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir. Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana öz ərazilərində layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcəkdir. Çünki bu gün biz artıq şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malikik. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Lakin buna baxmayaraq, biz Avrasiyada mühüm nəqliyyat və logistik hablardan birini yaratmağa nail olmuşuq. Biz qonşularımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamağa nail olmuşuq, o, 2017-ci ildə açılaraq Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfə verib. Eyni zamanda, biz Azərbaycanda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına investisiya yatırmışıq. Artıq bu yaxınlarda Finlandiyadan Hindistana ilk yüklər Azərbaycan ərazisindən çatdırılıb. Sözsüz ki, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizləri ilə Azərbaycan vasitəsilə daşınacaq yüklərin həcmi artacaqdır.

Hümbət Hüseynov,
M.Ə.Rəsulzadə bələdiyyəsinin və Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri

Əvvəlki məqaləPrezident Gəncədə ermənilərin raket atdığı əraziyə getdi – Fotolar
Növbəti məqalədəMüdafiə Nazirliyi sərhəddəki gərginliklə bağlı məlumat yaydı – VİDEO