Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında ərazi partiya təşkilatlarının sədri olan, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin sədrləri ilə görüş keçirildi.
Bineqedi.info-ya verilən məlumata görə, görüşdə Binəqədi rayonu, Azadlıq prospekti 184 ünvanlı ərazi partiya təşkilatının sədri, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminov, G.Ramazanov küçəsi № 1 ünvanlı ərazi partiya təşkilatının sədri, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Rəşad İsayev, Biləcəri qəsəbəsi, A. Zeynallı 37 «A» ünvanlı ərazi partiya təşkilatının sədri, Biləcəri Bələdiyyəsinin sədri Ehtibar Cabbarov, M.Ə.Rəsulzadə qəsəbəsi, H.Ağamalıyev küçəsi 5 ünvanlı ərazi partiya təşkilatının sədri, Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov və R.Allahverdiyev küçəsi 7-ci döngə, ev 100 ünvanlı ərazi partiya təşkilatının sədri, Xocasən Bələdiyyəsinin sədri Nigar Məmmədova iştirak edirdilər.
Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov partiyanın fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bölüşdü. VII Qurultaydan ötən müddət ərzində görülən işlərdən və aparılan islahatlardan bəhs etdi. Bu islahatların partiyanın gələcək fəaliyyətinə əsaslı şəkildə təkan verəcəyini və yeni-yeni hədəflərə doğru məqsədyönlü islahatlara əsaslı zəmin yaratdığını diqqətə çatdırdı. Qurultayda yeni qəbul edilmiş Nizamnamədə yer alan partiyanın fəaliyyət formalarından biri kimi məhz ictimai məsələlər ilə bağlı rəylərin dövlət və yerli özünüidarəetmə orqanlarına çatdırılmasından ibarət olduğunu diqqətə çatdırdı. Vüsar İsmayılov, həmçinin rayon təşkilatının qarşıdakı vəzifələri, nəzərdə tutulan tədbirlər, partiya üzvləri ilə əlaqələrin daha da sıx və operativ şəkildə qurulmasının təmin edilməsi istiqamətində danışdı. Bildirdi ki, partiyamız cəmiyyətin hər zaman fəal və avanqard bir hissəsi olaraq bundan sonra da siyasi, sosial və s. sahələrdə əsas mövqeyə sahib olmalıdır. Daha sonra ərazi partiya təşkilatlarında bu günkü işlərin vəziyyəti, eləcə də işlərin daha keyfiyyətli və səmərəli təşkil edilməsi üçün müvafiq tövsiyyələrini və tapşırıqlarını verdi.
Görüşdə çıxış edən ərazi partiya təşkilatlarının sədrləri təşkilat daxilindəki mövcud vəziyyət barədə danışdılar. Qarşıda duran vəzifələrin icrası istiqamətində əzmlə çalışacaqlarını söylədilər.
Görüşün sonunda ərazi partiya təşkilatlarının fəaliyyətinə dair geniş fikir mübadiləsi aparıldı, bir sıra təkliflər səsləndirildi.
Bineqedi.info