Postmüharibə dövrü və yeni reallıqlar

0
46

44 günlük İkinci Qarabağ müharibəsindəki Qələbə Azərbaycan tarixinin döyüş meydanında yazılan şanlı səhifəsi olmaqla dövlətimizi dünyaya daha yaxından tanıtdı. İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda müharibə 44 gün davam etdi, ermənipərəst dövlətlərin və bəzi beynəlxalq təşkilatların Azərbaycana göstərdikləri çox ciddi təzyiqlərə və təhdidlərə baxmayaraq, Ali Baş Komandan İlham Əliyevin və Müzəffər Ordumuzun cəsarəti, qətiyyəti və əzmkarlığı sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu Qələbə həmişə xalqımızın yoluna işıq salacaq və qürur mənbəyimiz olacaqdır.

Bu gün ölkənin ərazi bütövlüyünün bərpası ilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış təmin edilməkdədir. Sosial-iqtisadi həyatında böyük təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. Regionun yeni siyasi-iqtisadi reallığı- Vətən Müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlandı. Əldə olunmuş Qələbə nəticəsində regionun yeni siyasi və iqtisadi mənzərəsi formalaşıb. Münaqişənin həlli eyni zamanda, regionda sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşmasında mühüm rolu vardır.
Qeyd etmək istəyirəm ki, bu dövrdə müharibə təkcə döyüş meydanında deyil, həm də informasiya məkanında da aparılmışdır. İşğalçı Ermənistan müxtəlif istiqamətlərdə siyasi-diplomatik və informativ təxribatlara əl ataraq uzun illər beynəlxalq ictimaiyyətə dezinformasiya, həqiqətə uymayan məlumatlar yaymaqla məşğul olmuş və yalan informasiyalar ötürməklə Azərbaycanı ittiham etməyə çalışmışdır.
Azərbaycan həqiqətlərini dünyaya sübut etmək və beynəlxalq aləmin diqqətinə çatdırmaq üçün ölkə Prezidentinin nüfuzlu xarici televiziya kanallarına və mətbuat orqanlarına verdiyi müsahibəsi Azərbaycanın haqq işinin bir daha dünya xalqlarının diqqətinə çatdırılmasına səbəb olmuşdur. Belə müsahibələrdən biri də oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə olmuşdur.
Çıxışında müharibədən sonra işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması, Azərbaycanın xarici siyasətinin prioriteti qonşu ölkələrlə münasibətləri, Avropa İttifaqı ilə əməkdaşlıq perspektivləri məsələsinə xüsusi diqqət çəkən dövlət başçısı İtaliyanın bu işdə Azərbaycanla sıx əməkdaşlığından bəhs etmişdir.
Ümumiyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycanla İtaliya arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. İtaliya ilə Azərbaycan arasında əlaqələr möhkəm təməllər üzərində qurulub. İki ölkə arasında bu günə qədər imzalanmış sənədlər əməkdaşlıq üçün yeni imkanlar açmışdır. Bütün bunlar onu göstərir ki, dövlətlərarası münasibətlərimizin inkişaf etdirilməsində hər iki tərəfdə ciddi siyasi iradə var. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Bir sözlə, regiondakı beynəlxalq layihələrin həyata keçirilməsində də aparıcı rol oynayan Azərbaycan Avropanın etibarlı strateji tərəfdaşına çevrilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu.
Məqaləni müsahibə zamanı Müzəffər Ali Baş Komandan İlham Əlievin ifadə etdiyi sözləri ilə tamamlayıram: “Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm”.

Yetər Aboyeva, Şəhid Anaları Xeyriyyə Mərkəzinin Binəqədi rayon şöbəsinin sədri

Əvvəlki məqaləBinəqədidə ər arvadını amansızlıqla öldürdü
Növbəti məqalədəAzərbaycanda qazın və elektrik enerjisinin qiymətləri dəyişdirildi – QƏRAR