Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri yazır – MƏQALƏ

0
58
Akif_Refiyev-Bineqedi-agsaqqallar-surasi

Tarixi mənbələr sübut edir ki, erməni millətçilərinin türk xalqlarına qarşı törətdiyi düşmənçilik siyasəti 200 ildən artıqdır. Erməni millətçilərinin ideologiyası xəyanət, satqınlıq, başqa xalqların tarixi-mədəni irsini mənimsəmək, bir sözlə, hər cildə girmək kimi dəyərlər əsas prinsip kimi götürülür.

İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun qəhrəmanlığı hesabına ermənilər 200 ildə görmədikləri ən ağır zərbəni aldılar. Xalq-iqtidar birliyinin rəmzinə çevrilən dəmir yumruq ermənilərə ilk dəfə olaraq son iki əsrdə kim olduqlarını anlatdı.
Ötən ilin sentyabrın 27-də səhər saatlarında Azərbaycan Müdafiə Nazirliyi cəbhədə Ermənistan tərəfindən təxribat törədilməsi nəticəsində ölən və yaralıların olduğu barədə bəyanat yaydı. Bundan sonra Azərbaycan tərəfi əks hücum əməliyyatlarına başladığını bildirmişdir. Bildiyimiz kimi, cəbhədə döyüşlər başlandıqdan sonra Ermənistan tam, Azərbaycan isə qismən hərbi səfərbərlik elan etmişdir. Cəbhədə şiddətli döyüşlər getdiyi müddətdə Azərbaycan tərəfi oktyabrın 3-də ilk azad olunan əraziləri rəsmi elan etdi. Ali Baş Komandan Prezident İlham Əliyev Tərtər rayonu ərzisindəki Suqovuşan su anbarının və müxtəlif rayonların ərazisindən 7 kəndin azad olunduğunu açıqladı. Beləliklə, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə, 286 kənd və daha 5 adsız yüksəklik işğaldan azad edildi. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.
Bundan sonra 2020-ci ilin noyabr ayının 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. Beləliklə Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulasiyaya məcbur etdi.
Vətən müharibəsi zamanı Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan informasiya müharibəsinin də qarşısı layiqincə alındı. Ermənistanın yaydığı yalan xəbərlər vaxtında təkzib olundu, dünya ictimaiyyətinə obyektiv məlumatlar çatdırıldı. Prezident İlham Əliyev dərin biliyi, təkzibolunmaz arqumentləri ilə ermənipərəst medianın qarayaxma kampaniyasını zərərsizləşdirə bildi. Əsasən də qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsinin daim gündəlikdə qalması üçün əlindən gələni edib. Çıxışlarında, beynəlxalq təşkilatların tribunalarında, dünya liderləri ilə bütün görüşlərində, müsahibələrində bu barədə danışıbdır.
İkinci Qarabağ müharibəsi zamanı xalq-hakimiyyət birliyidə ən yüksək səviyyədə nümayiş olunmuşdur. Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, düşmənə sarsıdıcı zərbələr endirməklə cəbhədə əldə etdiyi qələbələr Azərbaycan xalqı tərəfindən böyük sevinclə və ruhyüksəkliyi ilə qarşılanmışdır.
Beləliklə, Azərbaycan xalqının 30 ildən sonra doğma torpaqlarına qovuşmaq arzusu reallaşdı. Prezidentimiz işğaldan azad olunmuş şəhərlərə səfər edərkən Qarabağla bağlı gələcək planlarını açıqladı. Bəyan etmişdir ki, bütün şəhər və kəndlər baş plan əsasında bərpa olunacaq. Artıq bu gün Qarabağda böyük quruculuq işləri aparılmaqdadır. Zaman-zaman başı üstündən tufanlar əsmiş gözəl Qarabağımız böyük ümidlə gələcəyə boylanır. Şuşa, Ağdam məscidində azan səsi eşidilir, o torpaqların yeni dövranı başlayır.
Vətən müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələr nisbətini dəyişdi, yeni reallıq yaratdı. Qeyd etmək istəyirəm ki, Qardaş Türkiyənin siyasi-mənəvi dəstəyi həmişə gücümüzə güc qatır. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.
Sonda qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı Qarabağ uğrunda 44 günlük Vətən müharibəsində öz gücünü göstərdi. Otuz il davam edən işğala, ədalətsizliyə 44 gündə son qoyuldu. Yaşasın Ali Baş Komandanımız! Yaşasın Azərbaycan Ordusu, Yaşasın Azərbaycan Xalqı!

Akif Rəfiyev: Əməkdar hüquqşünas, Qarabağ müharibə veteranı, Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri

Əvvəlki məqaləBinəqədi məktəbliləri Hərbi Qənimətlər Parkında
Növbəti məqalədəBinəqədi rayonunda avtomobildən oğurluq edən şəxs tutulub