Yanvarın 24-ü işğaldan azad edilmiş ərazilərə təşkil olunacaq marşrut avtobuslarının gediş haqqı qiymətləri açıqlanıb.
Bineqedi.info xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev işğaldan azad edilmiş ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı bu gün keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, qiymətlər bir tərəfə gediş haqqı nəzərdə tutulmaqla belədir:
– Bakı-Şuşa – 10.40 AZN
– Bakı-Ağdam – 9.40 AZN
– Əhmədbəyli-Şuşa – 7 AZN
– Bərdə-Ağdam- 5 AZN
– Füzuli Beynəlxalq Hava Limanı-Şuşa – 6 AZN
Anar Rzayev qeyd edib ki, Əhmədbəyli-Şuşa istiqamətində həftədə 4, digər marşrutlar üzrə 2 dəfə səfərlər təşkil olunacaq. Artıq bununla bağlı sınaq yürüşləri təşkil edilib. Xidmət rəisi əlavə edib ki, səfərlər üçün iri tutumlu avtobuslar ayrılıb. Şuşa istiqamətində isə relyefi nəzərə alaraq xüsusi əyləc tipi olan avtobuslar seçilib.
Səfərlərlə bağlı qalib şirkət seçilib və müqavilə bağlanıb.
Bakı-Şuşa-Bakı üzrə həftədə 4 səfər olacaq. Hər avtobusda sərnişin sayı 47 nəfər olacaq.
Bakı-Ağdam-Bakı üzrə isə sərnişin sayı 43 nəfər olan avtobuslarda həftədə 2 dəfə gediş-gəliş həyata keçiriləcək.
Ümumilikdə həftə ərzində hər iki istiqamətdə Bakı-Şuşa-Bakı istiqamətində 188 nəfər sərnişinin, Bakı-Ağdam-Bakı istiqaməti üzrə isə hər iki istiqamətdə 86 sərnişinin daşınması nəzərdə tutulur.