Sentyabrın 12–13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərdi ki, rəsmi İrəvan həmişəki kimi öz revanşist niyyətlərindən əl çəkmir.
Bu, ATƏT-in Minsk Qrupunun dirçəldilməsinə xidmət edən simulyasiya, bilavasitə siyasi motivli hərbi təxribat idi. Eyni zamanda, belə bir fitnəkarlığın cari ilin 15–16 sentyabr tarixində Şanxay Əməkdaşlıq Təşkilatının növbəti sammitində Azərbaycana qarşı təzyiqlərin artırılmasına hesablanan insident olması heç bir şübhə doğurmadı.
Destruktiv qüvvələr regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaranmasının daim əleyhinə olub. Uzun illər ərzində Ermənistan məhz bölgədə gərginliyin yaşanması üçün istifadə edilib. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanına çevrilib və nəticədə, Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövləti kimi tanınıb.
Regionda sülhün bərqərar olmasına təhdid yaradan bütün təxribatlar dünyada münaqişə ocaqlarının sayının artırılmasına xidmət edir. Bu baxımdan Ermənistanın təxribatları və revanşist cəhdləri də beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanılır, habelə rəsmi İrəvandan beynəlxalq normalara riayət edilməsi tələb olunur.
Ermənistana dəstək göstərən və təxribatlara göz yuman bəzi ölkələr isə regionun firavan gələcəyini istəməyən qüvvələrdir. Azərbaycanın tərəqqisi və respublikamızda siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər. Azərbaycanın qüdrətli ordusu var. Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun 80 faizini sıradan çıxarması da məhz bunun bariz ifadəsidir.
Azərbaycan Ordusu Vətənin keşiyində daim ayıq-sayıq dayanır. Yaşından və rütbəsindən asılı olmayaraq, hər bir hərbi qulluqçumuz düşmənin təxribat və hücumlarının qarşısını almağa qadirdir. Ermənistan siyasi rəhbərliyi və revanşist qüvvələr anlamalıdırlar ki, onların törətdikləri təxribatlar nəticəsində Azərbaycan tərəfinin verdiyi hər bir şəhidin qanı yerdə qalmır və qisası alınır.
Dünyanın reytinq agentliklərinin sorğusuna görə, Azərbaycan Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer tutur. Bu sorğu, əsasən, orduların malik olduğu fiziki dərəcələrə görə aparılır. Amma bu sorğu meyarlarına ordunun məharəti, taktiki təfəkkürü, mənəvi dəyərləri, döyüşkənliyi kimi keyfiyyətlər daxil olunmur. Azərbaycan dövlətinin müdrik rəhbərliyi altında formalaşdırılan ordumuz isə yeni nəsil hərbi texnikanın istifadəsinin xüsusi rol oynadığı müasir bir taktika nümayiş etdirir.
Azərbaycan Silahlı Qüvvələri Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü gerçəkləşdirərək, regionun ən güclü ordusu olduğunu sübut etdi. Bu döyüş salnamələri Ermənistana, beynəlxalq təşkilatlara, o cümlədən ATƏT-in Minsk Qrupuna Azərbaycan xalqının torpaqlarının işğal faktı ilə heç vaxt barışmayacağını göstərdi. Müzəffər ordumuz, eyni zamanda, dünya güclərinin regiondakı reallıqlarla hesablaşacağını, təkcə iqtisadi cəhətdən deyil, həm də hərbi-siyasi yöndən qüdrətli Azərbaycanın mövcudluğunu sübuta yetirdi.
Dünya təcrübəsi göstərir ki, səriştəli, qətiyyətli və mübariz komandan olmadan müharibədən qalib çıxmaq mümkün deyil. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətən müharibəsi dövründəki fəaliyyəti məhz belə keyfiyyətlərə malik olduğunu bir daha nümayiş etdirdi. Məqsədyönlü təmkin, hər addımın hesablanması, qüvvələrin düzgün bölüşdürülməsi, bütün xidmət sahələrinin dəqiqliklə uzlaşdırılması, döyüşlərin və hərbi qüvvələrin idarəedilməsinin çevikliyi, dövlətin və xalqın potensialının döyüşən cəbhə ilə düzgün əlaqələndirilməsi tarixi zəfər üçün zəmin yaratdı. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini bütün dünyaya məharətlə yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi.
Ermənistanın sentyabrın 12–13-də törətdiyi təxribatların qarşısının qətiyyətlə alınması ordumuzun güc-qüdrəti ilə bərabər, həm də ölkəmizdə sağlam həmrəylik mühitinin və siyasi sabitliyin mövcudluğundan xəbər verir. Bu birlik, bu vəhdət bir yumruq kimi birləşib. Azərbaycan Prezidentinin dediyi kimi: “bu yumruq düşmənin başını əzən yumruqdur, qələbəni “dəmir yumruq” hesabına qazandıq, düşməni qova-qova öz torpağımızda dayandıq. Düşmən diz çökdü”. Xalq öz liderinə ürəkdən inandı və Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqının etimadını əməli fəaliyyəti və şanlı zəfəri ilə doğrultdu.
Akif RƏFİYEV,
Qarabağ müharibəsi veteranı,
Ədliyyə general-mayoru,
Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri