II Fəxri Xiyabanda Vətən müharibəsi şəhidi Tural Ruslan oğlu Zeynalovun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edilib.
Bineqedi.com saytı xəbər verir ki, anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının rəhbərləri, rayon ictimaiyyəti və məktəblilər iştirak edirdilər.
Mərasimdə Hərbi Orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun bu qələbəsi Azərbaycanın dünyada güclü dövlət olduğunu bir daha təsdiqlədi. Ölkəmizdə hər zaman cəsur oğul və qızlarımızın şücaəti yüksək qiymətləndirilib. Bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirələri uca tutulur, adları əbədiləşdirilir. İgid oğullarımızın məğrurluğu, qətiyyəti, vətənpərvərliyi bütün gənclərimiz üçün əsl örnəkdir.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd etdi, bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı dilədi. qəhrəman əsgər və zabitlərimizlə bütün xalqımızın qürur duyduğunu qeyd etdi.
Bineqedi.com