Vətən müharibəsi şəhidləri Teymur Tağı oğlu Zeynalov və Vahid Sahib oğlu Abbasovun şəhadətlərinin ikinci ildönümü ilə əlaqədar Biləcəri və Binəqədi qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı Kompleksində məzarları ziyarət olundu və ehsan mərasimində iştirak edilib.
Bineqedi.com saytı xəbər verir ki, anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının, qəsəbə icra nümayəndəliyinin, Rayon Gənclər və İdman idarəsinin, bələdiyyələrin rəhbərləri, rayon ictimaiyyəti və məktəblilər iştirak edirdilər.
Mərasimdə şəhidlərimizin ruhlarına dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirərək, ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən bəhs edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev qeyd etdi ki, vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə ölümü gözə alan gənclərimiz bu müqəddəs amal uğrunda şəhid olursa, bu, xalqımızın böyüklüyüdür. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Şəhidlərin xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu oğullarımızı daim qəlbimizdə yaşadaq. Belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik.
Şəhidimizin həyat və döyüş yolundan söhbət açan valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!
Bineqedi.com