Son illər Binəqədi rayonunda vətəndaş məmnunluğunun təmin olunmasında, heç şübhəsiz ki, Binəqədi Rayon İcra Hakimiyyətində aparılan kadr islahatlarının da böyük rolu vardır. Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Sərəncamı ilə vəzifəyə təyin edilən hər bir kadr öz məsuliyyətini dərk etməli, rayonumuzun abadlaşmasında, inkişafında, vətəndaş məmnunluğunun təmin edilməsində üzərinə düşəni layiqincə yerinə yetirməyə çalışmalıdır.
Cənab Prezidentin də hər bir məmurdan tapşırığı da elə budur…
Bu il Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı ilə vəzifəyə təyin edilən şəxslərdən biri də Leysan Məmmədovdur.
Leysan Məmmədov Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 14 fevral 2022-ci il tarixli 22 saylı Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib.
Ötən 9 aydan artıq müddət ərzində Binəqədi rayonunda görülən işlərə diqqət yetirdikdə Leysan müəllimin təyinatı ilə bağlı ürəkaçan fikirlər söyləmək mümkündür.
Bəli, bu gün Binəqədi rayonunda cənab Prezidentin tapşırıq və tövsiyələrinin icrası istiqamətində həyata keçirilən tədbirlər göz önündədir və hər keçən gün daha qabarıq nəzərə çarpır.
Bu gün Binəqədi rayonunun bütün qəsəbə və yaşayış massivlərində, mikrorayonlarda genişmiqyaslı abadlıq və quruculuq işləri görülür, infrastruktur layihələri həyata keçirilir və proses davam etməkdədir.
Prezident İlham Əliyevin verdiyi bütün tapşırıq və tövsiyələr Binəqədi rayonunda öz bəhrəsini verir.
Bu gün Binəqədidə əksər binaların həyətləri abadlaşdırılır, abad məhəllələr salınır.
Məhəllədaxili yolların və meydançaların asfalt örtüyü dəyişdirilir, binaların qarşısında müasir tələblərə cavab verən yeni stadionlar tikilir.
Cənab başçısının səyyar qəbulu zamanı qaldırılan hər bir məsələ ilə əlaqədar işlərin həyata keçirilməsi, araşdırılması, müvafiq adımların atılması istiqamətində böyük işlər görülür ki, bütün bu məsələlərin dəqiq və vaxtında icrasının nəzarətdə saxlanılmasında Leysan müəllimin də əməyi danılmazdır.
Məlumat üçün bildirim ki, Leysan Novruz oğlu Məmmədov 03.01.1963-cü ildə Tovuz rayonunda anadan olub.
1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əmək fəaliyyətinə 1980-ci ildə Bakı Baş Tikinti İdarəsinin Təmir-Tikinti İdarəsində fəhlə kimi başlayıb, sonradan həmin idarədə mexanik, usta iş icraçısı, rəis kimi fəaliyyətini davam etdirib, 1991-1995-ci illərdə Rayonlararası istehsalat təmir-tikinti trestində rəis, 1995-1996-cı illərdə Bakı Baş Tikinti İdarəsinin “Tikintikonstruksiya” İstehsalat Birliyində baş direktorun tikinti üzrə müavini, 1996-1998-ci illərdə AR Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin Nəzarət Təftiş İdarəsində baş müfəttiş, 1998-2006-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin Mərkəzi Aparatının Nəzarət şöbəsində əmək müfəttişi, baş əmək müfəttişi, baş məsləhətçi vəzifələrində, 2006-2021-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tikilməkdə olan obyektlərin Müdiriyyətində direktor müavini, direktor, 2021-ci ildən 2022-ci ilin fevral ayına qədər Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri kimi davam edib.
2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar Mühəndis” fəxri adı ilə, 2014-cü ildə isə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 14 fevral 2022-ci il tarixli 22 saylı Sərəncamı ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsinə təyin edilib.
Ailəlidir, üç övladı var.
Qeyd olunduğu kimi, Leysan müəllim bu vəzifəyədək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində Aparat rəhbəri vəzifəsində çalışıb.
Onun keçdiyi zəngin ömür yolu, zəngin iş təcrübəsi Leysan müəllimin bu vəzifəyə təyinatının doğru seçim olduğu qənaətinə gəlməyə əsas verir.
Leysan müəllim üzərinə düşən vəzifə öhdəlikləri ilə yanaşı, həm də bir şəxsiyyət olaraq insanpərvərliyi, alicənablığı, vətənpərvərliyi ilə diqqət çəkir.
Qazi və şəhid ailələrinin müraciətlərinə göstərilən həssaslıq, hətta bir çoxlarının evlərinin ziyarəti, problemləri ilə yaxından maraqlanması Leysan müəllimin təkcə bir məmur yox, həm də vətənpərvər insan olaraq məsələlərə nə qədər həssas yanaşmasından xəbər verir.
Hörmətli Elxan müəllimin verdiyi tapşırıqlara uyğun olaraq Leysan müəllimin də təşkilatçılığı və iştirakı ilə Binəqədi rayonunda Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müntəzəm işlər görülür, belə ailələr daimi olaraq ziyarət edilir, hər bir müraciətləri diqqətdə saxlanılır.
Rayonumuzda bu kateqoriyadan olan sakinlərə diqqət və qayğının genişləndirilməsi hər kəsin ürəyincədir.
Binəqədi rayonunun ictimai fəalı, qazi atası olaraq etdiyim müraciətə Leysan müəllimin həssas münasibəti mənim də ürəyimcə oldu. Leysan müəllim şəxsən vəziyyətlə yerindəcə tanış oldu, qaldırdığım məsələ ilə bağlı bütün məlumatları aldı.
Onun məsələyə belə həssas münasibəti, diqqəti, insanpərvərliyi məsələnin ən qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçiriləcəyinə məndə inam və əminlik yaratdı.
Bu gün biz Binəqədi rayon sakinləri olaraq görülən işlərdən məmnunuq. Yəni bizlərə təkcə vəd verilmir – böyük işlər görülür. Görülən işlərə qiymət, dəyər vermək, dəyərli insanların qədrini bilmək isə bizim hər birimizin borcudur.
İnanıram ki, Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin, eləcə də birinci müavini Leysan Məmmədovun rəhbərliyi altında Binəqədi rayonunun inkişafı, vətəndaşların qaldırdıqları məsələlərin icrası, cənab Prezidentin tapşırıq və tövsiyələrinin həyata keçirilməsi istiqamətində bundan sonra da böyük işlər görüləcəkdir…
Hikmət Həsənov, Bineqedi.com və Bineqedi.info saytlarının baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Binəqədi rayonunun ictimai fəalı, Qazi atası