Prezident İlham Əliyev Türkiyə səfirliyinə getdi, başsağlığı verdi – FOTOLAR

0
116
prezident-sefirlik-turkiye-bassagligi-zelzele

Prezident İlham Əliyev fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.

Bineqedi.com saytı Prezidentin saytına istinadən xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı dövlət başçısını qarşılayıb.

Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb.

Sonra dövlət başçısı səfirlə söhbət edib.

“Mənim göstərişimlə bütün yardım məsələləri bir mərkəzdən idarə olunacaq, Prezident Administrasiyasının rəhbərinə göstəriş verildi”.

Bu sözləri Prezident İlham Əliyev fevralın 8-də Türkiyənin ölkəmizdəki səfirliyində olarkən deyib.

“O cümlədən bizim xəstəxanalarda yaralı qardaş-bacılarımızın müalicəsi uçun bütün şərait var. Həm Bakıda, digər şəhərlərdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında artıq çarpayılar ayrılıb və əgər ehtiyac olarsa, biz xəstələri gətirməyə də hazırıq”, – deyə dövlət başçısı əlavə edib.

“Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır”.

“Yenə də deyirəm, həm Türkiyədən, həm Azərbaycandan, həm digər ölkələrdən gələn xilasedicilər çox böyük iş görürlər. Əlbəttə ki, burada əsas yük və mənəvi yük Türkiyə hökumətinin üzərinə düşür. Mənim qardaşım hörmətli Prezident dərhal bütün göstərişləri verdi, bütün nazirləri fəlakət zonalarına göndərmişdir və tam əminəm ki, güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Ondan sonra təbii ki, bərpa işlərinə də biz qoşulmağa hazırıq. Yəni, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir”, – deyə dövlət başçısı əlavə edib.

Bineqedi.com

Əvvəlki məqaləTürkiyəyə yardım edənlərin nəzərinə! – ƏDV tutulmayacaq
Növbəti məqalədəBinəqədidə moped oğurluğunda şübhəli bilinən dəstə ələ keçdi – VİDEO