Bakının Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən keçmiş 126 nömrəli məktəb 2021-ci ilin aprel ayından təmirə bağlanıb. Bundan 3 il öncə isə məktəbin ibtidai sinif şagirdləri 244 nömrəli məktəbə köçürülüb.
Bütün bu proseslərin baş verməsinə səbəb isə 126 nömrəli məktəbin bazasında “Vətən” İdman Liseyinin yaradılmasıdır.
Bu barədə Bineqedi.com saytına övladları 126 nömrəli məktəbdə təhsil alan valideynlər məlumat veriblər.
Onlar bildiriblər ki, 126 nömrəli məktəbin binası təmirə bağlanarkən prosesin 1 ilə bitəcəyi, şagirdlərin qısa müddət ərzində təhsillərini yenidən burada davam etdirəcəkləri qeyd olunmuşdu. Ancaq 2 ildən də artıqdır ki, təmir yekunlaşmır.
Hələ bu da son deyil.
Belə ki, 126 nömrəli məktəbin yuxarı sinif şagirdləri, yəni 5-11-ci siniflərin şagirdləri təhsillərini 283 nömrəli məktəbin yarıdarısqal arxa korpusunda, özü də 2-ci növbədə davam etdirirlər. Dərslər 14:00-da başlayır, 19:00-da bitir. Xüsusilə, qış aylarında şagirdlər qaranlıq saatlarda dərsdən çıxırlar.
Elə ailələr var ki, övladları 2 məktəb arasında bölünüb. Məsələn, bir övladı 244 nömrəli məktəbə köçürülən valideyn də var, digər övladı 283 nömrəli məktəbə köçürülən də.
Valideynlər məktəblər arasında – yollarda qalıblar.
Məlumdur ki, 283 nömrəli məktəbin özünün də şagirdlərinin sayı kifayət qədərdir. 126 nömrəli məktəbin şagirdlərinin də bu məktəbin korpusuna köçürülmələri vəziyyəti daha da acınacaqlı edir.
Bəs valideynlərə 1 il deyilibsə, 126 nömrəli məktəbdə təmir-tikinti işləri niyə bu qədər ləng gedir?
Valideynlər demişkən, 1 ilə Zəngilanın Ağalı kəndində ən müasir standartlara verilən yaşayış kompleksi – evlər, məktəblər, xəstəxana və s. tikildi, ancaq Binəqədi rayonunda 126 nömrəli məktəbin tikintisi 2 ildən çoxdur yekunlaşmır.
Niyə? Məqsəd nədir? İşlərin bu qədər uzadılması kimə və ya kimlərə sərf edir?
Bundan başqa, 126 nömrəli məktəbin 244 nömrəli məktəbə köçürülmüş şagirdlərinin də şəraitləri çətindir. Belə ki, məktəbin geniş koridorları arakəsmələrlə kəsilib, oradan sinif otağı düzəldilib və şagirdlərə orada dərs keçilir.
Bu gün 126 nömrəli məktəbin – “Vətən” İdman Liseyinin tikilməkdə və təmir olunmaqda olan korpuslarında işlərin gedişatı ilə tanış olmaq üçün əraziyə yollandıq.
Məktəbin bir neçə ay ərzində istifadəyə veriləcəyi bildirilsə də, bəzi korpuslarının bünövrəsinin hələ indi qazıldığını gördük. Bundan başqa, bəzi korpusların tikintisi üçün betonlama işləri görülsə də, nəinki təmirə başlanıb, hələ heç divarları da hörülməyib.
Məktəbin stadionunun ərazisi genişləndirilib və işlər yarımçıq qalıb.
Korpusda yataqxananın tikintisi işlərinə də hələ indi başlanır. Bütün bunlar isə işlərin yaxın bir neçə ayda yekunlaşmayacağını deməyə əsas verir.
Məktəbdə tikinti işlərini aparan şirkətin nümayəndəsi isə bizimlə söhbətində qeyd etdi ki, onlarlıq bir iş yoxdur, məsələ Elm və Təhsil Nazirliyindən asılıdır.
Həmin şəxs tikinti işlərinin bu ilin dekabr ayında yekunlaşa biləcəyini bildirdi. Ancaq dəqiq tarix deməyin çətin olduğunu dedi. Yəni tikinti işləri hələ bir az da gec yekunlaşa bilər.
Belə düşünmək olar ki, məsələyə nəzarət ciddiləşdirilməsə, valideynlərin bu get-gəli hələ uzun müddət davam edəcək.