Ermənistan nə beynəlxalq hüququn dilini, nə Azərbaycanın xoş niyyətini anlamır…

0
145
azay-quliyev-azay-guliyev
Qarabağ bölgəsində yaşayan ermənilərlə dialoq qurmaq və ölkə Konstitusiyası çərçivəsində birgə yaşamaq mədəniyyətini müzakirə etmək məqsədilə deputat həmkarımız Ramin Məmmədovu məsul şəxs təyin edən və martın 1-də ilk görüşü həyata keçirən rəsmi Bakının xoş niyyətinə Ermənistan və erməni seperatçıları martın 5-də Qarabağa silah və mina gətirməklə, Azərbaycan hərbiçilərini şəhid etməklə cavab verdilər.
Qarabağda hələ də minlərlə qanunsuz erməni silahlıları mövcuddur və bu, başıpozuq silahlılar Rusiya sülhməramlılarının gözü önündə səngərlər qazır, döyüş movqeləri qurur, Azərbaycanın suveren ərazisində terror hadisələri törədirlər.
Ermənilər dünya ictimaiyyətini aldatmaq üçün terrorçulara polis uniforması geyindirir, hətta, utanmadan onları pasport-viza şöbəsinin əməkdaşları kimi təqdim edirlər ki, sonralar baş verən hadisələri asanlıqla manipulyasiya edə bilsinlər.
Bu bir daha onu göstərir ki, Vətən müharibəsindən əvvəl olduğu kimi, Ermənistan nə beynəlxalq hüququn dilini, nə Azərbaycanın xoş niyyətini anlamır, başa düşmür və sülh danşıqlarına yalnız özünün məkrli planlarının icrası üçün əlavə alət və vaxt qazanmaq kimi yanaşır.
Biz nə qədər səbr nümayiş etdirsək də, belə bir vəziyyətə uzun müddət dözmək mümkün deyil.
İctimaiyyəti narahat edən həm də odur ki, Laçın yolunda dinc aksiyaya dərhal və eyni zamanda əsassız olaraq sərt reaksiya verən, Qarabağda “blokadadan” “humanitar fəlakətdən” dəm vuran ABŞ, Avropa İttifaqı, Rusiya və o cümlədən beynəlxalq təşkilatlar Ermənistanın bu cür təxribatçı fəaliyyətinə heç bir münasibət bildirmir, 10 noyabr bəyannaməsinin tələbinə uyğun olaraq Ermənistandan qanunsuz silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını tələb etmirlər.
Belə olan surətdə, Azərbaycan məcbur olacaq ki, yenə də, təkbaşına Ermənistanın icra etməli olduğu qərarların, yəni, 10 noyabr Üçtərfli Bəyanatın 4-cü bəndinin icrasını, qanunsuz erməni silahlı dəstələrin Qarabağdan çıxarılmasını təmin etsin, Laçın rayonunda Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiqinə nail olsun.
Bundan sonra heç kimin niyə bunları etdin deyə Azərbaycana irad bildirməyə haqqı yoxdur.
Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərinin normallaşdırılmasında özlərini moderator kimi görən Avropa İttifaqı, Rusiya və ABŞ həqiqətən, səmimi olaraq Cənubi Qafqazda sülh və barış istəyirlərsə, o zaman hərbi təcavüz əməllərini davam etdirdiyinə görə Ermənistanı açıq şəkildə qınamalı və Azərbaycanın Qarabağda qayda-qanun yaratmaq istiqamətində atdığı və atacağı bütün addımları dəstəkləməlidirlər.
Azay Quliyev, 8 saylı Binəqədi birinci Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Əvvəlki məqaləBinəqədidə hosteldə qətl törədən 3 uşaq atasına hökm oxunub – VİDEO
Növbəti məqalədə“Azərbaycanın məqsədi ədaləti və beynəlxalq hüququ müdafiə etməkdir”