Martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub.
Bineqedi.com saytı xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
“Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Günəşli, Əzizli yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Zəylik, Mollabayramlı, Yellicə, Yuxarı Ayrım, Daşkəsən rayonunun Astaf, Gədəbəy rayonunun Zamanlı və Göyəmli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.
Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd, Laçın, Xocalı rayonları və Şuşa şəhəri istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub. Ordumuzun bölmələri tərəfindən qeyd olunan bütün istiqamətlər üzrə adekvat cavab tədbirləri görülüb. Ermənistan silahlı qüvvələri mövqelərimizi sistematik atəşə tutmaqla Ordumuzu cavab atəşi açmağa təhrik edir və bununla da şərti sərhəddə fəaliyyət göstərən Avropa İttifaqının mülki missiyasının nümayəndələrində yanlış rəy formalaşdırmağa, eləcə də bölgədə süni gərginlik yaratmağa cəhd edir.
Bir daha bildiririk ki, Ermənistan tərəfindən törədilə biləcək təxribatlara və bunun nəticəsində baş verəcək insan təlafatına görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda deyilir.
Qeyd edək ki, Azərbaycan XİN Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan əleyhinə 8 mart tarixli saxta və yalan dolu bəyanatına dair şərh verib:
“8 mart 2023-cü il tarixində Ermənistan Xarici İşlər Nazirliyinin növbəti dəfə Azərbaycana qarşı yalan və iftira dolu bəyanatı, Ermənistanın 30 ilə yaxın bir dövrdə həyata keçirdiyi işğal siyasətini, habelə hal-hazırkı post-münaqişə dövründə Azərbaycana və azərbaycanlılara qarşı törətdiyi təxribatları ört-basdır etmək məqsədi daşıyır”.
Qeyd edilib ki, Azərbaycan Silahlı Qüəvvələrinin bölmələrinin müşahidə kameraları tərəfindən qeydə alınmış və Azərbaycan Müdafiə Nazirliyi tərəfindən nümayiş etdirilmiş video çəkilişdə açıq-aşkar erməni silahlı qüvvələrinin nəqliyyat vasitələrinin Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan növbəti dəfə hərbi məqsədlər üçün istifadə etməsi faktının Ermənistan tərəfindən təkzib olunması riyakarlıqdır:
“Son 30 ildə beynəlxalq hüququn norma və prinsiplərini və 2020-ci il müharibəsindən sonra 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü əksər öhdəlikləri kobud şəkildə pozan Ermənistanın torpaqlarını işğal etdiyi Azərbaycanı öhdəlikləri yerinə yetirməməkdə ittiham etməsi tamamilə əsassızdır.
Eynilə, Beynəlxalq Ədalət Məhkəməsinin sonuncu qərarını təhrif etməyə və arzularını reallıq kimi təqdim etməyə çalışan Ermənistanın guya Azərbaycanın qərarı yerinə yetirməkdən boyun qaçırmasını iddia etməsi qəbuledilməzdir.
Ümumiyyətlə, müstəqillik qazanan dövrdən beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycanın beynəlxalq tanınmış ərazilərinə qarşı hərbi təcavüz və kütləvi qırğınlar törədən, işğal altında olan şəhərləri və yüzlərlə kəndi viran qoyan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən, yüz minlərlə əhalini öz doğma torpaqlarından qovan, beynəlxalq təşkilatların bölgəyə missiyalarına maneçilik törədən Ermənistanın ərazilərimiz 2020-ci ildə işğaldan azad olunandan sonra beynəlxalq hüquqa istinad etməsi, beynəlxalq təşkilatlara üz tutması, habelə Azərbaycanın guya bölgənin erməni sakinlərinə qarşı “etnik təmizləmə” və “soyqırım” həyata keçirməyə hazırlaşdığı iddiası absurddur.
Ermənistan Xarici İşlər Nazirliyinin guya Azərbaycan ərazilərində Ermənistan Silahlı Qüvvələrinin mövcud olmaması iddiasına gəldikdə bir daha xatırladırıq ki, Ermənistan nəinki indi, 30 ilə yaxın işğal dövründə belə Azərbaycan ərazilərini işğal etmədiklərini sübut etməyə çalışırdı. Halbuki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktı, bütün qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirdiyi, idxal etdiyi əsas hərbi texnikanı Azərbaycan ərazisinə ötürdüyü, bütün qüvvələrin Ermənistan müdafiə nazirinə tabe olduğu, bir çox hərbçilərə qarşı məhz Ermənistan ərazisində cinayət işi açıldığı və həbs olunduqları bəllidir”.
Açıqlamada, həmçinin vurğulanıb ki, Ermənistan siyasi rəhbərliyinin erməni qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmadığını etiraf etdiyi məlumdur: “Habelə Qüvvələrin 2022-ci ilin sentyabr ayında çıxarılacağı bəyan edilsə də, bunun hələ də baş vermədiyi bəllidir. Azərbaycan ərazisindən hansı qüvvələrin çıxarılması barədə öhdəliyə gəldikdə isə bir daha xatırladırıq ki, 10 noyabr 2020-ci il bəyanatının 4-cü bəndinə əsasən, məhz bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması nəzərdə tutulur və bu məsələdə manipulyasiyalar yolverilməzdir.
Ermənistan tərəfinin Azərbaycana qarşı təcavüz siyasətinin və qeyri-qanuni əməllərinin qarşısının alınması məqsədilə, Laçın yolunun başlanğıcında sərhəd-nəzarət keçid məntəqəsinin yaradılması labüddür.
Azərbaycan bundan sonra da öz milli maraqlarının və təhlükəsizliyinin müdafiəsi məqsədilə bütün lazımi tədbirləri görməyə davam edəcək”.
Bineqedi.com