Millət vəkili Azay Quliyev hökumətin 2022-ildə fəaliyyətinə dair Milli Məclisə təqdim etdiyi hesabatı haqqında qeydlərini bildirib.
Bineqedi.com saytı həmin qeydlərdən bəzi hissələri ixtisarla təqdim edir:
– Hesabatda diqqəti çəkən məqamlardan biri də büdcəyə vergi və gömrük orqanlarından daxilolmaların proqnoza nisbətən artması, dövlət neft fondundan isə dövlət büdcəsinə nəzərdə tutulan transfertin 31, 2 faiz azalmasıdır. Bu çox müsbət göstəricidir və ümid edirik ki, növbəti illərdə də neft fondundan büdcəyə tranfertin həcmi daha da azlacaq və beləliklə, büdcənin neft və qaz satışından asılılığı minumuma enəcəkdir.
– 2022-ci ilin ən uğurlu nəticələrindən biri də işğaldan azad edilmiş ərazilərin sürətlə yenidən qurulması və bərpası istiqamətində genişmiqyaslı layihələrin yüksək səviyyədə həyata keçirilməsidir. Sevindirici haldır ki, artıq keçmiş məcburi köçkünlər təhlükəsiz və ləyaqətli şəkildə Qarabağa və Şərqi Zəngəzura qayıdır, dağıdılmış şəhər və kəndlərimiz yenidən qurulur, bütün çətinliklərə rəğmən ərazilərimiz minalardan təmizlənir.
– Hesabat ilində hökumətin üzləşdiyi bir sıra çağırışlar da oldu. Bu, ilk növbədə əvvəlki illə müqayisədə orta illik infilyasiyanın 14 faizdən çox olması ilə əlaqədardır. Hesabatda qeyd edildiyi kimi, inflyasiya əsasən xaricdən ixrac olunduğuna görə onun qarşısını tam almaq və ya təkrəqəmli səviyyədə saxlamaq mümükn olmamışdı. Bahalaşmanın obyektiv səbəbləri olduğu kimi, subyektiv səbəbləri də kifayət qədərdir. Vətəndaşlar ən çox süni qiymət artımından əziyyət çəkirlər və bu sahədə hökumətin daha evvektiv mexanizmlər işləyib hazırlamasına ehtiyac var.

– Seçicilərin güzəştli ipoteka və fiziki şəxslər üçün istehlak kredi faizləri ilə bağlı bəzi xahişlərini diqqətinizə çatdırmaq istərdim. Hesabat ilində illik 8 faiz dərəcəsi ilə cəmi 779 güzəştli mənzilin alınması üçün 43,9 milyon manat məbləğində güzəştli ipoteka krediti verilmişdir ki, bu da mövcud tələbata uyğun deyil. Mənzilə ehtiyacı olan gənc ailələrin istəkləri odur ki, güzəştli ipoteka kreditlərinin şərtlərinə və faiz dərəcələrinə yenidən baxılsın və bu sahəyə ayrılan vəsait minumum ehtiyaclara uyğun şəkildə artırılsın.
– Eyni məsələ fiziki şəxslərə banklar tərəfindən verilən istehlak kreditlərinin faizinə də aiddir. Bildiyiniz kimi, bu cür kreditlərin illik faiz dərəcəsi 20 fazidən yuxarıdır ki, bu da vətəndaşlar üçün əsaslandırılmamış əlavə maliyyə yükü yaradır.
– Deputat seçildiyim Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən və 5 ildir fəaliyyəti dayandırılan 27 saylı şəhər poliklinikası üçün yeni binanın tikintisi ilə bağlı məsələni bir neçə dəfə həm Milli Məclisdə səsləndirmiş, həm də yazılı və şifahi şəkildə müvafiq qurumların diqqətinə çatdırmışam.
Təqdirəlayiq haldır ki, həm Səhiyyə Nazirliyi, həm də İqtisadiyyat Nazirliyi poliklinika üçün yeni binanın tikintisini 2023-cü ilin dövlət əsaslı vəsait qoyuluşu xərclərində nəzərdə tutulmasına razılıq veriblər.
Fürsətdən istifadə edib Maliyyə naziri hörmətli Samir Şərifovdan da xahiş edirəm ki, poliklinika binasının tikintisi üçün tələb olunan vəsaitin bu il ayrılmasına köməklik etsin.